Bakı. Elçin Hüseynov - Trend:
Malayziyanın Mülki Aviasiya Departamenti (MAD) ölkədə yerli "Rayani Air" aviaşirkətini bağlayıb. Bu barədə Trend AFP-ya istinadən xəbər verir.
MAD "Rayani Air" ilə bağlı araşdırmaya aprel ayından başlayıb. Aviaşirkətiin xidmətlərindən istifadə edən sərnişinlər "Rayani Air"-də uçuşların gecikməsi və son dəqiqədə reyslərin ləğv edilməsindən şikayət edirdilər.
Şikayətlərin nəticəsi kimi aviaşirkətin lisenziyası alınıb. MAD-ın rəhbəri Əzharuddin Abdulla Rəhman bəyan edib ki, aviasahədə qayda və təhlükəsizlik mühüm əhəmiyyət kəsb etdiyindən "Rayani Air"-in fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, "Rayani Air" şirkəti 2015-ci ilin dekabrından fəaliyyət göstərib. Təyyarə göyərtələrində sərnişinlərə yalnız halal yeməklər təqdim olunurdu və spirtli içki verilmirdi. Stüardessalar baş örtüyündən istifadə edirdilər, göyərtədə isə hər uçuşdan əvvəl namaz qılınırdı.