Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin hökumətə "Аn-148" sərnişin təyyarəsinin qəzaya uğrama səbəblərinin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılmasını tapşırıb.
Trend-in "RİA Novosti"yə istinadən evrdiyi məlumata görə, bunu prezidentin mətbuat katibi Dmitriy Peskov bildirib.
D. Peskov deyib: "Putin zəruri axtarış işlərinin aparılması üçün müvafiq idarələrə tapşırıqlar verib. Prezident bu fəlakətdə qohumlarını və yaxınlarını itirən bütün insanlara başsağlığı verib".
Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.