Bakı. Trend:
Ermənistan parlamentinin spikeri Ara Babloyan qanunverici orqanın növbəti iclasını yetərsay olmadığı üçün baş tutulmamış elan edib.
Trend-in məlumatına görə, parlamentdə üzv olan 105 deputatdan yalnız 33 nədəri iclasda iştirak etmək üçün qeydiyyatdan keçib.
Qeyd edilir ki, yetərsay üçün 53 deputat iclasda iştirak etməlidir.
Qeyd edək ki, ötən gün Ermənistan parlamentində N.Paşinyan baş nazir seçilə bilməyib. Belə ki, deputatların 45-i onun lehinə səs (53 zəruri səs lazım idi) versə də, bu, kifayət etməyib. Qanuna əsasən, parlament növbəti dəfə baş nazir seçməyə çalışmalıdır. Əks halda qanunverici orqan avtomatik buraxılacaq.
Etiraz aksiyalarının rəhbəri N.Paşinyan tərəfdarlarını mayın 2-si səhər saatlarından ümumi vətəndaş itaətsizliyi aksiyasına başlamağa, ölkədə tətil elan etməyə və aeroporta gedən bütün yolları bağlamağa çağırıb.
Xatırladaq ki, aprelin 13-dən Yerevanda N.Paşinyanın rəhbərliyi ilə sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı başlayan aksiyalar davam edir. Aprelin 23-də S.Sarkisyan vəzifəsindən istefa verib.