Bakı. Trend:
İran hökuməti ölkədəki iqtisadi problemlərə görə istefaya getmək niyyətində deyil.
Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani bəyan edib.
Dövlət başçısı qeyd edib: "Əgər kimsə hökumətin istefaya gedəcəyini düşünürsə, səhv edir. Biz hamımız son günədək öhdəliklərimizi yerinə yetirəcəyik".
Prezident İranda son günlərdə müşahidə olunan iqtisadi problemlərlə bağlı hökumətin tərkibinin dəyişdirilməsi çağırışına cavab olaraq bu bəyanatı verib. Belə ki, milli valyutanın kəskin devalvasiyası səbəbindən ölkədə etiraz aksiyaları fonunda İran parlamentinin 50 deputatı iqtisadiyyat və maliyyə nazirinin istefası haqqında petisiya imzalayıblar.
Xatırladaq ki, son günlərdə İran rialının məzənnəsi qara bazarda növbəti rekordu vuraraq 1 ABŞ dollarına nisbətdə 87 min riala çatıb. Bu rəqəm mayın sonunda 65 min rial idi.