Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Tacikistandan ixrac edilən mal və məhsulların Aİ-nin gömrük rüsumlarından azad edilməsi məsələsini müzakirə etməyə hazırdır.
Trend xəbər verir ki, bu barədə Tacikistanın İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə Aİ ticarət komissiyasının baş direktorunun müşaviri Yeva Sinovets arasında Düşənbədə keçirilən görüşün yekunlarına dair məlumatda deyilir:
“Yeva Sinovets bildirib ki, Tacikistan tərəfinin müraciətinə cavab olaraq Tacikistan tərəfindən istehsal olunan mal və məhsulların gömrük rüsumlarından birtərəfli qaydada azad edilməsi məsələsini müzakirə etməyə hazırdırlar. Burada məqsəd ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, yerli istehsalçıların Aİ ölkələrinin bazarlarına daxil olmalarının dəstəklənməsidir".
Tacikistan tərəfinin məlumatına görə, 2022-ci ilin 10 ayı ərzində ikitərəfli ticarət ötən ilin eyni dövrü ilə müqayisədə 14,1% artıb.
Tacikistan Aİ bazarını əsasən alüminium və tekstil məhsulları ilə təmin edir.
Aİ-nin məlumatına görə, Tacikistan Aİ-nin Mərkəzi Asiyada ən kiçik ticarət tərəfdaşıdır. 2019-cu ildə Aİ Tacikistana 169 milyon avroluq məhsul ixrac edib. İdxal məhsullarının dəyəri isə 44 milyon avro olub.