Bakı. Trend:
Türkiyə Ankaranın bütün xəbərdarlıqlarına baxmayaraq, yanvarın 21-də İsveçdə Qurani-Kərimə qarşı törədilmiş alçaq təxribatı qətiyyətlə pisləyir.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında edilən təxribatla bağlı bildirib.
Qeyd olunub ki, müsəlmanlara qarşı hücumların və dini hisslərin təhqir olunmasının “söz azadlığı” anlayışı ilə heç bir əlaqəsi yoxdur.
"Biz söz azadlığı bəhanəsi ilə müsəlmanlara qarşı təxribatlara yol verən yanaşmaları qəbul etmirik. Çünki bu, nifrət zəminində törədilən cinayətidir. İsveçdə Quran nüsxəsinin yandırılması Avropada müsəlmanlara qarşı tüğyan edən ksenofobiyanın və nifrətin bir nümunəsidir, radikal hərəkatların çatdığı təhlükəli səviyyəsinin göstəricisidir", - deyə nazirlik bildirib.
Türkiyə XİN İsveç hakimiyyətini islam əleyhinə təxribatda iştirak edən bütün şəxsləri məsuliyyətə cəlb etməyə, beynəlxalq ictimaiyyət və təşkilatları isə islamofobiya ilə mübarizədə həmrəy olmağa çağırıb.