Bakı. Trend:
Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklif İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidmətindən məlumat verilib.
İran Xarici İşlər Nazirliyi onun diplomatik qaydalardan kənar səsləndirdiyi fikirlərə kəskin etirazını bildirib.
İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa məsələləri üzrə baş direktoru Böyük Britaniya səfirinə vurğulayıb ki, "səhv düşünülmüş, məsuliyyətsiz və diplomatik normaların hüdudlarından kənara çıxan hərəkətlər daxili işlərə müdaxilənin bariz nümunəsidir və qəbuledilməzdir".
İranlı diplomat həmçinin Londonda yerləşən bəzi KİV-lərin söz azadlığı bəhanəsi ilə İran İslam Respublikasına qarşı apardıqları fəaliyyətə işarə edərək, S.Şerklifə bildirib ki, Böyük Britaniya İranın hərəkətlərini şərh etmək iqtidarında deyildi.
Britaniya səfiri də öz növbəsində hökumətinin İran İslam Respublikası ilə qarşılıqlı hörmətə əsaslanan münasibətləri davam etdirmək əzmində olduğunu təsdiqləyib.