Gürcüstanda torpaq sürüşməsi zonasında daha bir meyit tapılıb
Gürcüstanın Quriya bölgəsində torpaq sürüşməsi zonasında daha bir nəfərin meyiti tapılıb.
Trend xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Bununla da təbii fəlakət bölgəsində ölənlərin sayı 2-yə çatıb. Fəlakət nəticəsində itkin düşən bir yeniyetmənin axtarışlarının davam etdirildiyi bildirilir.
Bundan əvvəl bir azyaşlının da meyiti aşkarlanmışdı.
Qeyd edək ki, Gürcüstanın Quriya bölgəsində aramsız leysan yağışları nəticəsində on yaşayış evi dağılıb, körpülər və yollar zərər görüb.
Xatırladaq ki, avqustun 3-də yağan güclü leysan yağışları nəticəsində Gürcüstanın Oni bələdiyyəsinin Şovi kurort zonasında da torpaq sürüşməsi baş vermişdi. Nəticədə kurort zonası və ətrafdakı bir neçə yaşayış massivi tam dağılmış, 31 nəfər ölmüşdü. İtkin düşmüş 2 nəfərin axtarışları isə hələ də davam edir.