Bakı. Trend:
ABŞ prezidenti Co Bayden gələn həftə BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasının tərkibinə dəyişiklik məsələsini qaldıracaq.
Trend xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O vurğulayıb ki, ABŞ hökumətinin fikrincə, BMT Təhlükəsizlik Şurası daha inklüziv və hərtərəfli olmalıdır.
Qeyd edək ki, Təhlükəsizlik Şurası BMT-nin beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına görə əsas məsuliyyət daşıyan daimi strukturudur. Hazırda Təhlükəsizlik Şurasında 15 ölkə iştirak edir, bunlardan 5-i veto hüququna malik olmaqla daimi üzvlərdir. Digər 10-u isə müvəqqəti üzvlər olmaqla 2 il müddətinə seçilir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışında BMT-nin bəşəriyyətin gözləntilərinə cavab vermədiyini və təşkilatda ciddi islahatların aparılmasının qaçılmaz olduğunu bildirib.
"BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır.
Əvvəllər qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar", - dövlət başçısı deyib.