Bakı. Trend:
Təl-Əviv yaxınlığında yerləşən David Ben Qurion Beynəlxalq Hava Limanı normal rejimdə işləməyə davam edir, uçuşların ləğvi ilə bağlı bütün qərarlar aviaşirkətlər tərəfindən özəl olaraq verilir.
Trend xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
İsrail Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Vətənə qayıtmaq istəyən xaricdəki israillilər əmin ola bilərlər ki, David Ben Qurion hava limanı açıqdır."
Nazirlik həmçinin vurğulayıb ki, İsrail aviadaşıyıcıları müntəzəm uçuşlar həyata keçirməyə davam edir və dünyanın müxtəlif yerlərindən uçuşların sayı artmaqdadır.
Qeyd edək ki, dünən səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.