Bakı. Trend:
Kolumbiyada tükürpədən hadisə baş verib.
Trend xəbər verir ki, qadın ərindən pul almaq üçün 2 yaşlı oğlunun qaçırılmasını səhnələşdirib.
Belə ki, qadın polisə deyib ki, motosikletli naməlum şəxslər guya uşağı ondan zorla alıb qaçıblar. Məmurlar körpənin yerini müəyyən edə bildikdən sonra binaya basqın edərək, gözlənilməz mənzərə ilə qarşılaşıblar.
Orada maskalı cinayətkarlar olmayıb və uşağı qadının rəfiqəsinin qucağında görüblər. Rəfiqəsi isə polisə ifadəsində bildirib ki, uşağı 17 yaşlı oğlu gətirib. Məlum olub ki, qaçırılan oğlanın anası bir neçə gün körpəyə baxmaq üçün yeniyetmə ilə razılaşıb.
Beləcə, uşaq başqa ailədə olarkən qadın oğurluqla bağlı yalan danışıb və fidyə qarşılığında ərindən 14 min dollar almağa çalışıb.
Polis dələduzluğun üstünü açdıqdan sonra qadına həbs qərarı çıxarılıb.