...

Pentaqon silahlanma xərclərini 10 milyard dollar azaldacaq

Dünya xəbərləri Materials 22 Fevral 2024 14:33 (UTC +04:00)
Pentaqon silahlanma xərclərini 10 milyard dollar azaldacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pentaqon 2025-ci maliyyə ilində ABŞ-ın borc tavanı ilə bağlı əldə edilən razılaşmaya uyğun olaraq yenidən silahlanma xərclərini təxminən 10 milyard dollar azaldacaq.

Trend xəbər verir ki, “Politico” qəzeti bu barədə öz mənbələrinə istinadən məlumat yayıb.

ABŞ prezidenti Cozef Baydenin 2023-cü ilin iyun ayında dövlət borcu tavanına dair imzaladığı qanun layihəsi federal qurumların xərclərinin bir faiz azaldılmasını nəzərdə tutur. Beləliklə, Pentaqonun 2025-ci maliyyə ili üçün 850 milyard dollardan bir qədər az maliyyə sorğusu təqdim edəcəyi gözlənilir. Bu rəqəm 2023-cü ilin martındakı sorğu ilə müqayisədə 10 milyard dollar azdır.

Mənbənin məlumatına görə, ABŞ Müdafiə Nazirliyi əməkdaşlarının maaşlarını azaltmaq fikrində deyil. Odur ki, büdcə ixtisarı Silahlı Qüvvələrin yenidən silahlanması xərclərinin azaldılması hesabına həyata keçiriləcək.

Pentaqon F-35 qırıcılarının alınması xərclərini 18 faiz azaltmağı, əvvəlcə planlaşdırıldığı kimi, iki deyil, bir ədəd “Virciniya” sinfinə aid atom sualtı qayığı almağı, köhnəlmiş “OH-58 Kiowa” kəşfiyyat helikopterlərinin dəyişdirilməsi planından imtina etməyi, həmçinin “UH-60 Black Hawk” helikopterlərinin modernləşdirilməsi proqramını məhdudlaşdırmağı planlaşdırır.

Qeyd edək ki, yanvarın əvvəlində ABŞ-ın dövlət borcu 34 trilyon dolları ötüb. 2023-cü ildə bu göstərici 4 trilyon dollardan çox artıb.

Xəbər lenti

Xəbər lenti