Bakı. Trend:
ABŞ Çinlə münasibətlərində gərginliyin artmasını istəmir.
Trend xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yüksək rütbəli ABŞ məmurlarına istinadən məlumat yayıb.
Mənbələrdən birinin sözlərinə görə, ABŞ-nin Filippinlə qarşılıqlı müdafiə haqqında sazişi Filippin dənizçilərinə və gəmilərinə şamil olunur.
"Çin öz taktikasını təkrar gözdən keçirməlidir, əks halda ciddi cavab reaksiyası ilə üzləşməyə risk edir", - nəşr mənbələrdən birinə istinadən yazır.
Bildirilib ki, bölgədəki vəziyyət aprelin 11-də ABŞ, Filippin və Yaponiya arasında Vaşinqtonda keçiriləcək sammitin müzakirə predmeti olacaq.
Qeyd edək ki, ABŞ və Filippin arasında qarşılıqlı müdafiə haqqında sazişi 1951-ci il avqustun 30-da imzalanıb.
Bu il martın 19-da ABŞ dövlət katibi Antoni Blinken Filippinin xarici işlər naziri Enrike Manalo ilə Manilada keçirilən birgə mətbuat konfransında bildirib ki, ABŞ Filippinlə qarşılıqlı müdafiə haqqında saziş çərçivəsində öhdəliklərini yerinə yetirməyə davam edəcək.