...

Finlandiya portalı Azərbaycanın azad olunmuş ərazilərindəki mina problemindən yazıb

Dünya xəbərləri Materials 4 Sentyabr 2024 00:47 (UTC +04:00)
Finlandiya portalı Azərbaycanın azad olunmuş ərazilərindəki mina problemindən yazıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya portalında politoloq Yakko Laaksonun müəllifi olduğu məqalə dərc olunub. Məqalədə Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın torpaqlarını azad etmək üçün apardığı mübarizə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, eləcə də Qarabağ bölgəsində ölkəmizin üzləşdiyi mina problemləri haqqında geniş məlumat verilir.

Trend xəbər verir ki, 44 günlük Vətən müharibəsinin 2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə atəşkəslə başa çatdığını və bu müharibənin dünyada ilk pilotsuz uçuş aparatları (PUA) müharibəsi kimi tanındığını qeyd edən politoloq, 2023-cü ilin sentyabrında Azərbaycan ərazilərinin təxminən otuz il davam edən işğalının Qarabağdakı Ermənistan silahlı qüvvələrinin təslim olması ilə sona çatdığını bildirib. O, həmçinin, İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi dəstəyi vurğulayıb.

Məqalədə vurğulanır ki, hazırda azad olunmuş ərazilərdə Azərbaycanın qarşısında duran ən böyük problem basdırılmış ən azı 1 milyon 500 mina və digər partlayıcı qurğulardır. Azərbaycan bu ərazilərin minalardan təmizlənməsi üçün bir çox ölkələrin təcrübəsindən istifadə edir. Finlandiyalı siyasətçi indiyədək Azərbaycanın minaların təmizlənməsinə 349 milyon dollar xərclədiyini və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, bəzi Avropa ölkələri və ABŞ-ın bu məsələdə dəstək göstərdiyini qeyd edib. Müəllifin sözlərinə görə, beynəlxalq ekspertlər Qarabağın azad olunmuş ərazilərinin minalardan tam təmizlənməsi üçün təxminən 25 milyard dollar vəsaitin lazım olduğunu bildirirlər.

Qarabağ müharibəsinin tarixinə nəzər salan Yakko Laakso qeyd edir ki, 1990-cı illərdə erməni millətçiləri “Dağlıq Qarabağı” Ermənistana birləşdirmək istəyirdilər, halbuki Qarabağ hüquqi cəhətdən Azərbaycanın tərkib hissəsi idi. Otuz illik işğal dövründə Ermənistan da daxil olmaqla, dünyanın heç bir ölkəsinin “Dağlıq Qarabağ”ın müstəqilliyini tanımadığını vurğulayan müəllif, 1992-ci ildə ATƏT tərəfindən münaqişənin sülh yolu ilə həlli məqsədilə yaradılan qondarma Minsk qrupunun fəaliyyətinin nəticəsiz qaldığını diqqətə çatdırıb.

Finlandiyalı siyasətçi həmçinin Birinci Qarabağ müharibəsi zamanı 1 milyona yaxın azərbaycanlının qaçqın və köçkün vəziyyətinə düşdüyünü qeyd edib. Müəllif yazır ki, Azərbaycanın 2023-cü ildə apardığı antiterror əməliyyatından sonra etnik ermənilər Qarabağ ərazisini könüllü şəkildə tərk ediblər. Baxmayaraq ki, Prezident İlham Əliyev onların hüquqlarının qorunacağına və tolerant cəmiyyətdə yaşayacaqlarına dair dəfələrlə zəmanət verib.

Yakko Laakso məqaləsində, həmçinin, azad olunmuş ərazilərdə bərpa-tikinti işlərinin aparılması, məcburi köçkünlərin öz evlərinə qayıtması, yeni yolların, elektrik stansiyalarının və tunellərin inşası barədə də məlumat verib.

Müəllif qeyd edir ki, hazırda Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanması üzərində çalışır. Azərbaycan qarşı tərəfdən Konstitusiyada dəyişikliklər etməyi və ərazi iddialarından imtina etməyi tələb edir.

Məqalədə, həmçinin, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqların da aparıldığı qeyd olunur. Yakko Laakso bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyi ölkələrin sərhədlərin demarkasiyası ilə bağlı ümumi prinsiplər barədə razılığa gəldiyini bəyan edib. Finlandiyalı siyasətçi, eyni zamanda, Ermənistanla sərhəddə 1990-cı illərin əvvəllərində əhalisinin köçmək məcburiyyətində qaldığı Azərbaycan kəndlərindən və erməni müxalifətinin həmin kəndlərin Azərbaycana qaytarılmasına qarşı göstərdiyi müqavimətdən də bəhs edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti