Bakı. Trend:
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, Fransa prezidenti Emmanuel Makron və Kipr prezidenti Nikos Xristodulides sentyabrın 24-də Nyu-Yorkda keçiriləcək görüşdə Great Sea Interconnector (GSI) elektrik şəbəkəsi layihəsini müzakirə edəcəklər.
Trend-in məlumatına görə, bu barədə "ERT-news" televiziya kanalı Yunanıstan hökumətindəki mənbələrə istinadən bildirib.
Məlumata əsasən, Mitsotakis, Makron və Xristodulides arasında üçtərəfli görüşün keçiriləcəyi planlaşdırılır, gündəmə, xüsusilə Yunanıstan və Kipr arasında elektrik şəbəkəsi bağlantısı mövzusu daxil olacaq. "Elektrik təchizatı layihəsinin həyata keçirilməsi heç bir real geosiyasi risk yaratmır", - deyə mənbələrdən biri qeyd edib.
"Phileleftheros" qəzeti Kipr və Yunanıstanın, aylarla davam edən danışıqlardan sonra, Aralıq dənizində iki ölkənin enerji sistemlərini birləşdirəcək "GSI" elektrik şəbəkəsinin çəkilməsi layihəsinin razılaşdırılması prosesini başa çatdırdıqlarını bildirib.