Bakı. Trend:
Hakim partiya Gürcüstanda davamlı sülhün təmin edilməsinin vacibliyinə diqqət çəkir.
Bu barədə Trend-ə Gürcüstanlı ekspert, tarixçi Edişer Qvenetadze bildirib.
Onun sözlərinə görə, seçki mühitinə təsir edən əsas məsələ Gürcüstanın gələcəyə istiqamətlənməsidir.
"Hakim partiya davamlı sülhün təmin edilməsinin əhəmiyyətinə diqqət çəkir və bu, son aylarda təəccüblü ikirəqəmli göstəricilərə çatan iqtisadi artımın davam etdirilməsi üçün zəruri bir şərtdir. Eyni zamanda, bəzi müxalif partiyalar prioritet kimi Avropa İttifaqı ilə inteqrasiyanı irəli sürürlər. Gürcüstan üçün həm sülhün qorunması, həm də Avropaya yönəlmək vacibdir. Buna görə də mən bu iki istiqamətdə heç bir ziddiyyət görmürəm. Biz Avropa mədəniyyətini və dəyərlərini mənimsəyərək inkişaf etməliyik. Lakin bu yalnız sülh və yaradıcı şəraitdə mümkündür. Xalqın hansı seçimi edəcəyini yaxın günlərdə görəcəyik", - ekspert əlavə edib.
Edişer Qvenetadze vurğulayıb ki, ölkədəki iqtisadi dinamika rəqabətli siyasi mühitlə üst-üstə düşür, burada müxalif partiyalar qarşıdan gələn seçkilərdə uğur qazanmağa çalışırlar.
"Bu, cəmiyyətdəki plüralizmi və demokratiyanın inkişafında əldə edilən tərəqqini əks etdirir. Regional layihələr çərçivəsində Gürcüstan öz öhdəliklərinə ciddi riayət edir. Bütün müqavilələr yerinə yetirilməlidir və ölkə bu prinsiplərə ardıcıl olaraq əməl edir. Beləliklə, Gürcüstan son illər və hətta onilliklər ərzində Azərbaycan və regiondakı digər oyunçularla əməkdaşlıq çərçivəsində həyata keçirilən bütün regional layihələrin mühüm bir həlqəsidir", - o bildirib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabr tarixinə təyin edilib.