Bakı. Trend:
Mişel Barnye hökuməti dövlət və sosial xərcləri azaltmaqla, vergi gəlirlərini artırmaqla dövlət kəsirini azaltmağa səy göstərsə də, nəzərdə tutulan variantlar iqtisadiyyatın bir çox sahəsində gərginliyə səbəb olub.
Trend-in məlumatına görə, belə vəziyyətdə hava və dəmir yolu nəqliyyatı, dövlət qulluğu və tibbi biologiya kimi müxtəlif sahələr qarşıdakı həftələrdə tətil elan ediblər.
Fransa Dəmir Yolları Milli Şirkəti (SNCF) noyabrın 21-ə ilk nümayişə, dekabrın 11-dən isə müddətsiz tətilə çağırış edib. “Biz dedik ki, 21 noyabr aksiyası daha sərt və daha uzun bir tətildən əvvəl xəbərdarlıqdır. Biz sözdən hərəkətə keçirik”, - deyə “SUD-Rail”ın federal katibi Jülyən Trokaz mətbuata açıqlamasında bildirib.
Həmkarlar ittifaqları “Fret SNCF”in (Fransa Dəmir Yollarının yükdaşıma bölməsi – red.) ləğvinin, TER, “Transilien” və “Intercités” qatarlarının özəlləşdirilməsinin və “Resonances” planı ilə “SNCF Réseau”nun (dəmir yolları şəbəkəsi) parçalanmasının əleyhinə olduqlarını bildiriblər. Onlar sosial dempinq və qeyri-məhdud maliyyə gəliri strategiyasını pisləyirlər.
Kənd təsərrüfatı sahəsində sahibkarlar noyabrın 15-dən nümayişlərin bərpasına çağırış ediblər. Xatırladaq ki, 2024-cü ilin yanvarında on minlərlə kənd təsərrüfatı işçisi ölkənin cənubunda və Parisin mərkəzində bir neçə magistralı bağlamışdılar. Onlar gəlirlərinin artırılması üçün konkret tədbirlər görülməsini tələb edirdilər. Onların qəzəbi hələ də soyumayıb.