Bakı. Trend:
Amsterdam şəhər hökumətinin qadağasına baxmayaraq, yüzlərlə insan şəhərin mərkəzindəki Dam meydanında Fələstinə dəstək nümayişində iştirak edib.
Trend “Algemeen Dagblad” qəzetinə istinadən xəbər verir ki, aksiyaya müdaxilə edən polis nümayişçiləri dağıtmağa başlayıb, bir neçə nəfər həbs edilib və bəzi fəallar polisə müqavimət göstərib. Amsterdam meriyasının nümayəndəsi bildirib ki, əvvəlki fövqəladə fərman yumşaldılıb və müəyyən yerlərdə dinc etiraz aksiyalarına icazə verilib, lakin Dam meydanında nümayişlər hələ də qadağandır.
Nəşrin məlumatına görə, aksiyanı əslində Vesterqas Parkında keçirmək üçün icazə alınıb, lakin iştirakçılar Dam meydanına keçmək qərarına gəliblər. Polis nümayişçiləri avtobuslarla Vesterqaz Parkına aparmağa hazırlaşır. Amsterdam polisi X platformasında (keçmiş Twitter) bildirib: “Nümayişçilərə getmələri əmr edildi, bəziləri öz istəyi ilə meydandan çıxdı. Qalan nümayişçilər mühasirəyə alınıb və saxlanılaraq Vesterqaz-a aparılacaqlar.”