Bakı. Trend:
İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei Əli Əkbər Əhmədian və Əli Şəmxanini Müdafiə Şurasında öz nümayəndələri olaraq təyin edib.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, İran lideri ölkədə Müdafiə Şurasının yaradılmasını diqqətə çəkərək qeyd olunan şəxsləri nümayəndələri təyin edib.
Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurası 4 avqustda ölkədə Müdafiə Şurası yaradılmasını təsdiqləyib. Bu şuraya İran prezidenti rəhbərlik edəcək, Məhkəmə Sisteminin rəhbəri, parlament sədri, silahlı qüvvələrin komandanları və bəzi əlaqədar nazirlər şuranın üzvləri olacaq. Şura müdafiə layihələri və silahlı qüvvələrin bacarıqlarını gücləndirməyi diqqətli şəkildə araşdıracaq.
Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi Əli Əkbər Əhmədian 6 avqustda İran prezidenti Məsud Pezeşkian tərəfindən prezidentin xüsusi nümayəndəsi və İranın Milli və Strateji Layihələrin İnkişafı Qərargahının rəhbəri təyin olunub.
Admiral Əli Şəmxani isə İranın Ali Liderinin müşaviri kimi fəaliyyət göstərir.