Bakı. Trend:
İran hökuməti milli valyutadan 4 sıfırın silinməsi (denominasiyası) prosesi ilə əlaqədar yeni layihə qəbul edib.
Trend-in məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu gün (12 avqust) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2007-ci ildən İranın milli valyutasının denominasiya edilməsi ilə bağlı müxtəlif addımlar atılıb. Bununla əlaqədar müxtəlif ölkələrdə sıfırların silinməsi ilə əlaqədar təcrübələr öyrənilib və araşdırmalar aparılıb.
Mohacerani bildirib ki, İranın Mərkəzi Bankının baş direktoru Məhəmməd Rza Fərzinin də iştirak etdiyi Nazirlər Kabinetinin iclasında layihə çərçivəsində bir sıra tapşırıqlar verilib.
Hökumət sözçüsü qeyd edib ki, İran hökumətinin yeni layihəsinə əsasən İranın milli valyutasının adı “Tümən” və kiçik pulun adı isə “Qeran” olacaq.
Mohacerani qeyd edib ki, hökumət milli valyutanın denominasiyası ilə əlaqədar parlamentlə əməkdaşlıq edərək prosesin başlanmasına çalışır.
Xatırladaq ki, 4 avqustda İran parlamentinin iqtisad komitəsinin sədri Şəmsəddin Hüseyni milli valyutadan 4 sıfırın silinəcəyi, milli valyutanın adının isə “Rial” qalacağını bildirib.
Qeyd edək ki, İran parlamenti 2020-ci ildə İran valyutasının denominasiyası ilə əlaqədar qərar verib. Qərara əsasən İranın milli valyutasından 4 sıfır atılması, “rial” adı “tümən” adına dəyişdirilməsi nəzərdə tutulub. Lakin sözügedən qanun layihəsi İranın Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənməyib.