Bakı. Trend:
“Ferrari”, “Audi” və “Aston Martin/Honda” şirkətləri 2026-cı il “Formula-1” qaydalarında yanacaq sıxılma nisbəti limitinə dair mübahisəli məqamlara aydınlıq gətirilməsi üçün FIA-ya birgə məktub ünvanlayıblar.
Trend xəbər verir ki, bu barədə “The Race” nəşri məlumat yayıb.
Məktubun göndərilməsinə səbəb “Mercedes” və “Red Bull”un statik şəraitdə mühərrik sınaqlarının xüsusiyyətlərindən istifadə etməklə qaydaları öz xeyirlərinə şərh edə bilmələri ilə bağlı iddialar olub. Mənbələrə görə, bu cür yanaşma dövrə başına saniyənin onda bir hissəsinə qədər üstünlük verə bilər.
FIA daha əvvəl mövcud ölçmə prosedurlarının qaydalara uyğun olduğunu bildirsə də, məsələnin 2026-cı il mövsümünün əvvəlində daha geniş müzakirə və hətta etiraz mövzusuna çevrilə biləcəyi istisna edilmir.
