Bakı. Trend:
İsrail qüvvələrini heç vaxt tam olaraq Qəzzadan çıxarmayacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatı İsrail müdafiə naziri İsrael Katz səsləndirib.
“İsrail qüvvələrini Qəzzadan heç vaxt tamamilə geri çəkməyəcək, hətta HƏMAS tərksilah edilsə və biz sülh sazişinin ikinci mərhələsinin icrasına keçsək belə, zolağın daxilində əhəmiyyətli bir təhlükəsizlik zonası qalacaq. Bu zona İsrail icmalarını qorumaq məqsədilə Qəzza daxilində təhlükəsizliyin təmin olunmasına xidmət edəcək”,- Katz mətbuat konfransında deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın 20 bəndlik sülh planına əsasən, İsrail Qəzza zolağını işğal və ya ilhaq etməyəcəyinə dair öhdəlik götürüb.
