Bakı. Trend:
Böyük Britaniyada zərərli qəlyənaltı yeməklərinin yerli vaxtla 21:00-a qədər televiziyada və onlayn reklamı və təbliğatı ilə bağlı qadağa qüvvəyə minib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qadağanın tətbiqində məqsəd azyaşlılar arasında çoxalmaqda olan piylənmə və artıq çəki probleminə qarşı mübarizədir. Reklamı 21:00-a kimi qadağan edilmiş qida məhsullarının siyahısına başlıca olaraq sodalı içkilər, müxtəlif şirniyyatlar, o cümlədən şokolad, pizzalar, dondurmalar və eləcə də tərkibində zəngin yağ, duz və şəkər olan digər qidalar daxildir.
Britaniyanin Səhiyyə Nazirliyinin (NHS) məlumatına əsasən, hazırda məktəbəqədər yaşlı (qəbul sinfi yaşında olan) uşaqların təxminən hər 10 nəfərindən biri (9,2 faizi) piylənmə ilə yaşayır, beş yaşına çatana qədər isə uşaqların hər beşindən birində diş çürüməsi müşahidə olunur.
Hesablamalara görə, piylənmə hər il NHS-ə 11 milyard funt sterlinqdən artıq xərc yaradır.
