Bakı. Trend:
Ukrayna və Rusiyanın yaxın vaxtlarda yeni hərbi əsir mübadiləsi aparması gözlənilir. Bu, dörd aylıq fasilədən sonra ilk mübadilə olacaq.
Trend xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam çıxışında bildirib.
Prezident bildirib ki, Əbu-Dabidə ABŞ və Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyəti bugünkü görüşün nəticələri barədə ona məruzə edib. Ukrayna rəsmiləri eyni zamanda Amerika tərəfi ilə ayrıca əlaqə saxlayıblar.
“Danışıqların ara nəticələrini bu gün müzakirə etdik. Onlar sabah davam edəcək. Bu, mühüm bir addım olacaq: tezliklə əsir mübadiləsi gözləyirik. Əsirlər evlərinə qaytarılmalıdır”, – deyə Zelenski qeyd edib.
Prezidentin sözlərinə görə, Ukraynanın mövqeyi aydındır: müharibəyə ciddi şəkildə son qoyulmalı və Rusiya buna hazır olmalıdır. O vurğulayıb ki, tərəfdaşlar bunu real təhlükəsizlik zəmanətləri və təcavüzkara qarşı real təzyiqlə təmin etməyə hazır olmalıdırlar. “Ukraynadakı insanlar hiss etməlidirlər ki, proses rusların vəziyyətdən öz xeyrinə istifadə edib hücumları davam etdirməsinə yox, sülhə və müharibənin sonuna doğru gedir”, – deyə Zelenski əlavə edib.
Xatırladaq ki, Ukrayna və Rusiya sonuncu hərbi əsir mübadiləsini 2025-ci ilin oktyabrında həyata keçirib. Həmin mübadilə zamanı 185 hərbçi və 20 mülki şəxs evlərinə qayıdıb.
