Bakı. Trend:
Fransanın cənub-qərbinə daxil olan “Nils” qasırğası ölkədə ciddi fəsadlara səbəb olub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında 850 min istehlakçı elektrik enerjisiz qalıb.
Elektrik enerjisi təchizatçısı “Enedis” bildirib ki, ən çox zərər çəkən bölgələr Yeni Akvitaniya və Oksitaniyadır.
Küləyin sürəti Biskarrosda saatda 162 km-ə, Poda 145 km-ə qədər, Bordoda isə 120 km-dən çox olub.
Bu arada təbii fəlakətlə əlaqədar artıq bir nəfər həyatını itirib. Yük maşınının sürücüsü üzərinə ağac aşması nəticəsində həlak olub.
Dəmir yolu nəqliyyatı bir çox yerlərdə iflic olub. Bayonn, Biarritz və Anday vağzallarında qatarların hərəkəti dayandırılıb. Parisdəki Monparnas vağzalında, eləcə də Bordo və Po vağzallarında bir çox reyslər ləğv edilib.
Bir neçə avtomagistralda nəqliyyatın hərəkəti çətinləşib. Od və Şərqi Pireney departamentlərinin əsas magistrallarında, həmçinin Ero departamentinin bir sıra rayonlarında yük avtomobillərinin hərəkəti qadağan edilib.
