...

ABŞ və Rusiya Moskvada Qəbələ RLS-in birgə istifadə olunmasını müzakirə edəcək

Dünya xəbərləri Materials 22 Avqust 2007 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova, A.Qasımova, D.Xatınoğlu/ Sentyabr ayında Qəbələ radiolokasiya stansiyasının (RLS) ABŞ-ın yaratdığı raketdən müdafiə sisteminin (RMS) elementi kimi birgə istifadə olunması üzrə danışıqların ikinci mərhələsi baş tutacaq.

Ştatların Avropada RMS sistemi quraşdırmaq niyyətindən sonra Rusiya ABŞ-ın RMS sistemini onun əleyhinə istifadə edə biləcəyindən ehtiyat edir. Rusiya prezidenti Vladimir Putin G-8 sammitində Qəblə RLS-in birgə istifadə olunması təşəbbüsü ilə çıxış edib. O həmçinin təklif edib ki, RMS elementi Çexiyada radar yerləşdirilməsinin əvəzinə Türkiyə yaxud İraqda yerləşdirilsin. Buna cavab olaraq ABŞ Dövlət Katibi Kondaliza Rays Amerikanın CNBC kanalına müsahibəsində bildirib ki, ABŞ bu stansiyanın birgə istifadə olunmasında maraqlı deyil və Polşa və Çexiyada raket əleyhinə bazaların tikilməsini davam etdirəcək.

Lakin ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Conatan Henikin sözlərinə görə, Qəbələ RLS-in birgə istifadə olunması üzrə ABŞ və Rusiya danışıqları dayandırılmayıb.

"Danışıqların birinci mərhələsi sentyabrın əvvəlində Bakıda baş tutacaq", - deyə çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Henikin sözlərinə görə, Pentaqondan nümayəndə heyətinin gələcəyi gözlənilir.

Henik əlavə edib ki, danışıqların növbəti raundu sentyabrın ortalarında Moskvada ABŞ və Rusiya arasında keçiriləcək.

Qəbələdə ABŞ və Rusiya alyansının yaradılmasının məqsədəuyğunluğu rusiyalı ekspet, "Ejednevnıy jurnal" baş redaktorunun müavini Aleksandr Qoltsda şübhə doğurur. O hesab edir ki, ABŞ-ın Qəbələdə RMS sisiteminə ehtiyacı yoxdur.

Qolts Moskvadan çərşənbə günü telefonla bildirib ki, Qəbələ RLS Amerikanın RMS-nin arxitekturasına heç cür uyğun qurulmayıb. Onun sözlərinə görə, Qəbələ RLS raket vuran qurğulara hədəf göstərilməsi üçün işləyə bilməz və amerikalılar bunu bilir. "Rusiyanın hərbi sahədə sanballı ekspertlərindən biri general Vladimr Dvorkin çox ağıllı formada qeyd edib ki, Amerikalılar qoşalülə tüfəng almağa hazırlaşırlar, biz isə onlara müşahidə borusu təklif edirik", - deyə Qolts söyləyib.

"RMS-lə bağlı bütün bu hekayə siyasi hekayədir, hərbi kompanent isə orada ikinci dərəcəli rol oynayır", - deyə Qolts söyləyib.

Qəbələ RLS üzrə sentyabr danışıqları İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana rəsmi səfərindən iki həftə sonra keçiriləcək.

"Azadlıq radiosunun" Almaniyadakı iranlı analitiki Abbas Cevadi hesanb edir ki, Qəbələ RLS-in istifadə olunması İrana qarşı yönəlib. Onun fikrincə Azərbaycan və Rusiya imkan verməyəcəklər ki Azərbaycanın ərazisi İrana hücum meydanı kimi istifadə olunsun.

Prezident İlham Əliyev ötən il ABŞ-a səfəri zamanı Vaşinqtonda bildirmişdi ki, Azərbaycan ərazisinin antiiran məqsədləri üçün istifadə olunmasını istisna edir. "Azərbaycan regiondakı bütün məsələlərin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Azərbaycan və İran arasınada imzalanmış müqaviləyə əsasən ölkələrimizin ərazisi bir-birimizə qarşı hərbi məqsədlərlə istifadə oluna bilməz. İqtisadi inkişaf və qarşılıqlı əməkdaşlıq yolunda irəliləyən Azərbaycan heç vaxt mübarizə meydanı olmayacaq", - deyə o söyləyib.

Amerikan hərbi ekspertlərinin fikrincə Qəbələ onların İrandan start götürə biləcək raketləri qeydə almaq üçün İrana həddindən çox yaxın yerləşir.

Onlar hesab edirlər ki, Qəbələ RLS Amerikanın Çexiya və Polşada RMS sistemlərinin yaradılmasına alternativ ola bilməz, yalnız ona əlavə ola bilər.

Qəbələ radiolokasiya stansiyası qurudan və dənizdən buraxılan, nüvə başlığı daşımağa qadir olan ballistik raketlərin müəyyən olunması, həmçinin kosmik fəzada fasiləsiz nəzarət həyata keçirə bilən stansiyadır.

Stansiya təqribən altı min kilometr məsafədə yerləşən qurğulara nəzarət edə bilir. 1985-ci ildə istismara verilib. Rəsmi məlumatlara görə, Qəbələ RLS-in texniki imkanları onun 2012-ci ilə qədər fəaliyyətini təmin edə bilər.

Xəbər lenti

Xəbər lenti