...

MEHRİBAN XANIM ƏLİYEVA "İLİN QADINI" FƏXRİ MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Siyasət Materials 18 İyul 2005 20:18 (UTC +04:00)

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "İlin qadını" fəxri mükafatına layiq görülüb.

Trend agentliyi bildirir ki, iyulun 18-də Bakı Yaxta klubunda Azərbaycandakı beynəlxalq təşkilatlar və diplomatik missiya nümayəndələrinin, eləcə də ictimai-siyasi xadimlərin, mədəniyyyət və incəsənət nümayəndələrinin iştirakı ilə Azərbaycanın birinci xanımına "Lider qadınlar" ictimai birliyinin təsis etdiyi mükafatın təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.

İctimai Birliyin sədri, parlamentin deputatı Məlahət Həsənova mərasim iştirakçılarına bildirib ki, M.Əliyeva "İlin qadını" fəxri adına 2004-cü ildə 1500 respondent arasında aparılmış sorğunun yekunlarına müvafiq olaraq layiq görülüb.Lider qadınların siyahısına tanınmış ictimai-siyasi xadimlər, müxtəlif sənət sahibləri, alimlər, mədəniyyət və incəsənət nümayəndələri daxil idi.

Sorğunun nəticələri cəmiyyətin nüfuzlu şəxslərinin daxil olduğu ekspert qrupu tərəfindən müəyyən edilib.M.Həsənovanın sözlərinə görə, sorğuda cəmiyyətin bütün təbəqələrinin nümayəndələri iştirak edib və onların 74%-i Mehriban xanım Əliyevanı ilin qadını seçib.

M.Həsənova qeyd edib ki, "İlin qadını" fəxri adı Azərbaycan mədəniyyətinin və incəsənətinin, həmçinin Azərbaycanın mənəvi irsinin qorunması və inkişafındakı əvəzsiz xidmətlərinə, eləcə də ölkənin ictimai-siyasi həyatındakı fəal roluna, uşaqların, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına istiqamətləndirilmiş humanitar layihələrin gerçəkləşdirilməsinə, xeyirxah təşəbbüslərinə görə təqdim edilib.

Mərasimdə çıxış edənlər - İtaliyanın Azərbaycandakı səfiri Marqarita Kosta, BMT-nin əlaqələndiricisi Marko Borsotti, YUNESKO-nun Azərbaycandakı nümayəndəsi Hana Sinqer Azərbaycanın mədəni irsinin qorunması, inkişafı və dünyaya çatdırılmasında Azərbaycanın birinci xanımının əvəzsiz əməyini və xidmətini qeyd ediblər.

Qonaqlar M.Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi fəaliyyətini xüsusilə qeyd ediblər.Həmin Fond gənc nəslin sosial problemlərinin həllinə istiqamətləndirilmiş layihələrin gerçəkləşdirilməsinə xüsusi diqqət yetirir.

Mehriban xanım Əliyeva göstərilən etimada görə təşəkkürünü bildirib və qeyd edib ki, cəmiyyətdə uğurlarla yanaşı həlli təkcə dövlətdən deyil, həm də vətəndaşların özündən asılı olan problemlər də vardır.

O, hamını cəmiyyətin bu problemlərinin həllində yardım etməyə çağırdı. "Mən nəzarətə alınan hər bir məsələyə böyük məsuliyyətlə yanaşıram.Öz fəaliyyətimdə mən üç əsas prinsipə əsaslanıram -vətənpərvərlik, insansevərlik və şəfqət"-deyə M.Əliyeva bildirib.

Xəbər lenti

Xəbər lenti