...

Azərbaycan dilinə daxil olan terminlərin mənbələri dəyişib

Cəmiyyət Materials 3 Mart 2016 22:01 (UTC +04:00)
Əgər əvvəllər Azərbaycan dilinə terminlər əsasən rus dilindən və rus dili vasitəsilə keçirdisə, indi alınma sözlər vasitəçi dil olmadan dilimizə Avropa dillərindən keçir.
Azərbaycan dilinə daxil olan terminlərin mənbələri dəyişib

Bakı. İlhamə İsabalayeva - Trend:

Əgər əvvəllər Azərbaycan dilinə terminlər əsasən rus dilindən və rus dili vasitəsilə keçirdisə, indi alınma sözlər vasitəçi dil olmadan dilimizə Avropa dillərindən keçir.

Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova bildirib.

S.Sadıqova qeyd edib ki, bu proses, yəni Azərbaycan dilinin başqa dillərlə birbaşa əlaqəsi lüğətlərin tərtibinə də təsir edir. Belə ki, əsasən, rusca-azərbaycanca, azərbaycanca-rusca lüğətlərin tərtibi prioritet sahə hesab olunurdusa, indi Azərbaycan, ingilis, türk, alman və s. dillərdə lüğətlərin tərtibi vacib hesab edilir.

S.Sadıqova əlavə edib ki, son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir.

Onun sözlərinə görə, ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluq­ları­na xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər: "Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir. Buna görə də terminologiyanın təkmilləşdirilməsi yollarından ən səmərəli yol müxtəlif sahələr üzrə çoxdilli, izahlı terminoloji lüğətlərin tərtib olunmasıdır. Dünya sivilizasiyasının, ictimai həyatın əksi olan terminoloji lüğətlərin tərtibi müxtəlif elm sahələrini birləşdirdiyi kimi, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə birləşdirir. Ona görə də belə alınma və beynəlmiləl termin axını dilə daxil olan alınmaların tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması kimi aktual problemləri meydana çıxarır".

S.Sadıqova qeyd edib ki, qloballaşma şəraitində elmin, texnikanın inkişafına uyğun olaraq dilimizdə müxtəlif sahələrə - iqtisadiyyat, informatika, təhsil, texnika ilə bağlı yeni terminlər yaranır: "Bu nəzərə alınaraq yeni yaranan 2500 termin toplanaraq çap edilib. Tərtib edilən lüğətdə müxtəlif sahələrə - iqtisadiyyat, informatika, dilçilik, geologiya, diplomatiya və s. aid yeni terminlər, yəni indiyə qədər çap olunmuş lüğətlərimizə düşməmiş terminlər toplanıb və onların izahı verilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti