...

Azərbaycanda aldatma yolu ilə əmlaka ziyan vuranları həbs gözləyəcək

Cəmiyyət Materials 3 May 2016 14:47 (UTC +04:00)
Azərbaycanda aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlaka ziyan vuranlar cərimələnəcək və ya həbs olunacaqlar.
Azərbaycanda aldatma yolu ilə əmlaka ziyan vuranları həbs gözləyəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlaka ziyan vuranlar cərimələnəcək və ya həbs olunacaqlar.

Milli Məclisdən Trend-ə bildirilib ki, İnzibati Xətalar Məcəlləsinə yeni əlavənin edilməsini nəzərdə tutan layihəyə əsasən, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin əmlakına talama əlamətləri olmadan az miqdarda ziyan vurmaya görə 500 manatdan 1000 manatadək cərimə tətbiq ediləcək və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbsin tətbiq olunması təklif edilir.

Qeyd edək ki, burada "az miqdarda" dedikdə, 3000 manatdan yuxarı olmayan məbləğ başa düşülür.

İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklər layihəsinə əsasən, xırda talamaya görə də cərimələrin məbləği artırılır.

Yeni layihəyə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə cərimələrin məbləğinin 200 manatdan 250 manatadək olması (hazırda yüz manatdan yüz əlli manatadəkdir) və ya bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiqi təklif edilir.

Hazırda talanmış əmlakın dəyəri otuz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. Yeni layihədə isə talanmış əmlakın dəyərinin 100 manatdan yuxarı olmadıqda, bunun xırda talama hesab edilməsi təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti