...

Azərbaycanın hakim partiyası: Ermənistan rəhbərliyi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşməsinə imkan vermir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Oktyabr 2011 12:05 (UTC +04:00)
Ermənistanın siyasi rəhbərliyi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşməsinə imkan vermir.
Azərbaycanın hakim partiyası: Ermənistan rəhbərliyi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşməsinə imkan vermir

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir T.Hacıyev/

Ermənistanın siyasi rəhbərliyi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşməsinə imkan vermir. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və onların Azərbaycanın daxilində bütün hüquqları qorunacaq.

Novruzov hesab edir ki, Dağlıq Qarabağın erməni icması ilə azərbaycanlı icması arasında görüşlərin keçirilməsi vacib şərtlərdəndir.

"Onlarla birbaşa görüşlər keçirilməli və onlara başa salınmalıdır ki, siz Azərbaycan vətəndaşısınız və Azərbaycan vətəndaşlarına məxsus bütün hüquqlardan istifadə edə bilərsiniz. Dağlıq Qarabağ erməniləri bu cür görüşlərin keçirilməsinə razıdırlar. Sadəcə olaraq Ermənistanın siyasi rəhbərliyi buna imkan vermək istəmir. Bir müddət əvvəl Cənubi Qafqaz təşəbbüs qrupu yaradılmışdı və biz mütəmadi olaraq erməni deputatlarla görüşlər keçirirdik. Bu görüşlər müsbət nəticələr verməyə başlamışdı da. Bunu görən Ermənistan rəhbərliyi bu görüşlərin nəticələrindən narahat olaraq bu işi pozdu və belə görüşlərin keçirilməsinə imkan vermədi. Beləliklə, Cənubi Qafqaz təşəbbüsü pozuldu. Bu baxımdan mən belə prosesin şahidi olan adam kimi deyə bilərəm ki, Ermənistan ziyalıları bu cür görüşlərin baş tutmasının və münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. O insanlarla görüşəndə, danışanda, onlara düşdüyü vəziyyəti başa salanda, gələcəkdə onları nəyin gözlədiyini izah edəndə onlar reallığın nədən ibarət olduğunu anlayırlar və müvafiq addımların atılmasına tərəfdar
olurlar", - YAP rəsmisi deyib.

ATƏT PA Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində azərbaycanlı və erməni icmalarının görüşünün baş tutmasının mümkünlüyünü araşdırır.

Trend-in məlumatına görə, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, vitse-spiker Bahar Muradova cümə günü Milli Məclisdə keçirdiyi mətbuat konfransında bildirib ki, Assambleyada Dağlıq Qarabağa dair keçirilən dinləmələrdə icmalar arasında görüşün təşkili təklifi ilə çıxış edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti