...

Rusiya və Qərb Dağlıq Qarabağ ətrafında danışıqların irəliləməsində maraqlıdır - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Oktyabr 2011 17:20 (UTC +04:00)
Rusiya, Avropa və ABŞ-ın danışıqlar prosesinin irəliləməsində və Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpa olunma riskinin neytrallaşdırılmasında obyektiv maraqları var.
Rusiya və Qərb Dağlıq Qarabağ ətrafında danışıqların irəliləməsində maraqlıdır - deputat

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Rusiya, Avropa və ABŞ-ın danışıqlar prosesinin irəliləməsində və Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpa olunma riskinin neytrallaşdırılmasında obyektiv maraqları var. Bunu cümə günü Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov deyib.

"Lakin bununla yanaşı, Rusiya erməni tərəfdaşlarının xətrinə dəymək istəmir və regionda öz məqsədlərinin irəliləməsinə çalışır. Məhz burada Moskvanın maraqları Qərbin maraqları ilə toqquşur", - Trend BİA-nın Ekspert Şurasının üzvü Musabəyov bir gün əvvəl Rusiya liderinin açıqlamasını şərh edərkən deyib.

Rusiya Prezidenti oktyabrın 20-də açıqlayıb ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyi davam etdirəcək, lakin hər iki xalq razılığa gəlməyə çalışmalıdır. Bununla yanaşı, RF rəhbəri Dağlıq Qarabağ probleminin Avropada həlli mümkün olan bəzi "dondurulmuş münaqişələr"dən biri olduğunu qeyd edib.

Musabəyovun sözlərinə görə, gələcəkdə çox şey Ermənistanın çətin iqtisadi və demoqrafik vəziyyətindən asılı olacaq. Məhz bu amillər Yerevanı Dağlıq Qarabağ məsələsindəki iştahından əl çəkməyə məcbur etməlidir.

"Azərbaycanın qənaətbəxş cavablar almadığı obyektiv qayğıları və sualları var. Dağlıq Qarabağ məsələsinin gündəmdə qalmasına və danışıqların davam etdirilməsinə baxmayaraq, sülh prosesində tez bir zamanda irəliləyiş gözləməyə dəyməz", - ekspert bildirib.

Onun sözlərinə görə, Rusiyanın növbəti prezidenti öncə siyasətin prioritet məsələləri ilə məşğul olmalıdır. Bu məsələlərə isə Dağlıq Qarabağın nizama salınması daxil deyil.

"Əgər Rusiyada hakimiyətə ən çox ehtimal olunan namizəd - indiki Baş nazir Vladimir Putin gələrsə, o sağlam düşüncəli insan kimi Azərbaycanın əhəmiyyətini başa düşəcək və güzəştlər üçün yol açmağa cəhd edəcək. Lakin bu, çox güman ki, tez bir zamanda baş verməyəcək", - Musabəyov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti