...

Azərbaycanın müxalifət lideri Misir hadisələri ilə bağlı bəyanat yayıb

Siyasət Materials 31 Yanvar 2011 16:39 (UTC +04:00)
Azərbaycanın müxalif Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva Misir hadisələri ilə bağlı bəyanat yayıb. Trend-in məlumatına görə, bəyanatda deyilir ki, qloballaşan, bütövləşən, demokratikləşən, balacalaşan dünyada azadlıq və insan hüquqlarının prioritet olması danılmaz faktordur.
Azərbaycanın müxalifət lideri Misir hadisələri ilə bağlı bəyanat yayıb

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva Misir hadisələri ilə bağlı bəyanat yayıb. Trend-in məlumatına görə, bəyanatda deyilir ki, qloballaşan, bütövləşən, demokratikləşən, balacalaşan dünyada azadlıq və insan hüquqlarının prioritet olması danılmaz faktordur.

"Bu gün dünya ictimaiyyətinə illərlə təlqin edilən mif - guya müsəlman ölkələrində əsas müxalifət qüvvələri radikal islamçılardır - darmadağın oldu. Küçələrdə etiraz edən yüz minlərlə insanlar təhsilli gənclərdir. Onlar demokratiya və azadlıq istəyirlər", - bəyanatda bildirilib.

Hacıyeva hesab edir ki, "müsəlman xalqları, onların mentaliteti, İslam mədəniyyəti demokratiyaya uyğun deyil" kimi fikirlər geniş yayılıb və bu mif kimlərəsə lazımdır.

"İslam mədəniyyətinə gəlincə isə, hələ VII yüzillikdə Xəlifə Ömərin vəzifəyə qoyduğu şəxslər üçün təlimatı var idi: "Bilin ki, sizi xalqa zülm etməniz üçün təyin etmədim. Sizi nümunə olaraq göndərdim". Beləliklə, diktatorların nə milliyyəti, nə dini var", - Hacıyeva verdiyi bəyanatda vurğulayıb.

O, öz bəyanatında Misir xalqını dəstəklədiyini deyib.

"Bu gün mən və lideri olduğum Liberal Partiyası demokratik qüvvələrin nümayəndəsi olaraq, Misir xalqını və digər müsəlman ölkələrində ədalət və demokratiya uğrunda mübarizə aparan insanları bütövlüklə dəstəkləyir və diktaturalara YOX deyirik! Allah köməyimiz olsun!", - Hacıyevanın bəyanatında qeyd olunub.

Misir xalqı yanvarın 25-dən etibarən Prezident Hüsnü Mübarəkin istefası tələbi ilə etiraz aksiaları keçirir. Etiraz aksiyaları zamanı 150-dən atrıq adam ölüb, 4 mindən artıq insan yaralanıb. Ölənlər arasında Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı da olub.

Xəbər lenti

Xəbər lenti