Bu gün səhər saatlarında Misirdə Əl-Cəzirə telekanalının yayımı Misir hökuməti tərəfindən dayandırılıb. Bu haqda Əl-Cəzirə telekanalı məlumat verib. Telekanalın verdiyi məlumata görə, telekanalının bütün əməkdaşlarının qeydiyyatı ləğv edilib.
Misirdə iqtisadi və siyasi islahatların keçirilməsinin, həmçinin ölkəni 30 ildir idarə edən 82 yaşlı prezident Hüsni Mübarəkin istefasının tələb edildiyi nümayişlər yanvarın 25-də başlayıb. Cümə günü kütləvi etiraz aksiyaları Misirin Qahirə və digər şəhərlərində davam etdirilib. Aksiyalar nəticəsində yüzdən çox nümayişçi qətlə yetirilib və iki minə yaxın adam xəsarət alıb. Cümə günü Misir müxalifət lideri, Məhəmməd Baradei həbs edilərək ev dustağı edilib.