...

Mikayıl Cabbarov I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilərlə görüşüb

Baku 2015 : EUROGAMES Materials 4 May 2015 16:17 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqların fziki cəhətdən sağlam böyüməsi üçün fiziki-psixoloji sağlamlığının qorunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqini əhəmiyyətli sayıb.
Mikayıl Cabbarov I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilərlə görüşüb

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqların fziki cəhətdən sağlam böyüməsi üçün fiziki-psixoloji sağlamlığının qorunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqini əhəmiyyətli sayıb.

Trend-in məlumatına görə, bunu bu gün təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilərlə görüşündə deyib.

Nazir qeyd edib ki, ölkəmizdə müasir təhsil sisteminin qurulması sahəsində əsas strateji istiqamətləri müəyyən edən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsil alanların sağlamlığının mühafizəsi, istedadının, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məsələlərinə xüsusi önəm verilir. Bu baxımdan məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaq və gənclərin fziki cəhətdən sağlam böyümələri, yaradıcılıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqi olduqca əhəmiyyətlidir.

M.Cabbarov ötən il Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman və şahmat məktəbləri yetirmələrinin respublika səviyyyəli yarışlarda 1604 medal, beynəlxalq yarışlarda 390 medal (116-sı qızıl, 118-i gümüş, 156-sı bürünc), ümumilikdə isə 1994 medal qazandığını nəzərə çatdırıb.

I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində Təhsil Nazirliyi tərəfindən təşkil olunan kütləvi idman tədbirlərinə diqqət çəkən nazir bildirib ki, müvafiq yarışlar ilk Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, məktəblilərin sağlam həyat tərzinə cəlb olunması, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bədən tərbiyəsinin və idmanın rolunun artırılması məqsədilə keçirilib: "Təsadüfi deyil ki, I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası, badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparacaqlar".

Azərbaycanda Olimpiya hərəkatının müstəqillik illərində təşəkkül tapdığını vurğulayan təhsil naziri ümummilli lider Heydər Əliyev tərəfindən idmanın inkişafına xidmət edən dövlət siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Olimpiya hərəkatının daha da genişləndiyini nəzərə çatdırıb. Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançılara uğurlar arzulayan nazir deyib ki, layiqli çıxış əvvəlki göstəricilərdən daha yaxşı nəticələr əldə etməkdir.

I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilər görüşə və göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, qarşıdan gələn möhtəşəm idman qarşılaşmalarında doğma divarlar amilinin onları ölkəmizi layiqincə təmsil etməyə ruhlandıracağını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti