...

Ukraynanı Avropa Oyunlarında təmsil edəcək azərbaycanlı ilə görüş keçirilib (FOTO)

Baku 2015 : EUROGAMES Materials 4 İyun 2015 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İlkin İzzət/

Ukraynanı Bakı-2015 Avropa Oyunlarında təmsil edəcək azərbaycanlı idmançı ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ukraynanı Bakı-2015 I Avropa Oyunlarında təmsil edəcək idmançılardan biri azərbaycanlıdır və bu ölkədəki Azərbaycan diasporunun fəal nümayəndələrindən biridir. Ukraynanın qərb bölgəsində - İvano-Frankovsk şəhərində yaşayan və əslən Azərbaycanın Zaqatala rayonundan olan Fyodor Məhəmməd oğlu Xaşalov iki dəfə Avropa, bir dəfə isə dünya çempionluğunu qazanıb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) verilən məlumata görə, Ukrayna Millətlər Assambleyasının İvano-Frankovsk şəhərində Azərbaycan diasporu ilə təşkil etdiyi görüşdə F.Xaşalov da iştirak edib.

Bakı-2015 I Avropa Oyunlarına həsr olunmuş görüşə, həmçinin BUAK-ın İvano-Frankovsk vilayəti üzrə sədri Mətləb Nəcəfov, təşkilatın Zakarpatye üzrə rəhbəri Zakir Göyüşov və qurumun Lvov vilayəti üzrə regional rəhbəri Teymur Məmmədov, o cümlədən, yerli dövlət qurumlarının nümayəndələri də qatılıb.

Toplantıda Bakı-2015 I Avropa Oyunları, Azərbaycanın beynəlxalq idman yarışına hazırlığına dair təqdimatlar olub. Daha sonra Ukrayna komandasının tərkibində çıxış edəcək azərbaycanlı F.Xaşalov barədə danışan diaspor nümayəndələri bildirib ki, o, bodibildinq fitnes idman növü üzrə yarışlarda öz gücünü sınayacaq. Bu idman növünün Avropa Oyunlarında rəsmi deyil, sınaq yarışları kimi keçirilməsinin nəzərdə tutulduğu da qeyd olunub. Dəfələrlə Ukraynanı beynəlxalq yarışlarda təmsil etmiş F.Xaşalovun hazırda İvano-Frankovskda məşqçi kimi çalışır.

BUAK-ın təşkil etdiyi görüş çərçivəsində Azərbaycan diaspor rəhbərlərinin iştirakı ilə xalq mahnılarından ibarət festival keçirilib. Tədbirə Ukraynanın 20-ə yaxın xalq və əməkdar artisti qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti