...

"Yazıçılarımızı dünyaya tanıdaq" layihəsi çərçivəsində kitab dəsti nəşr edilib (FOTO)

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 18:01 (UTC +04:00)
“Yazıçılarımızı dünyaya tanıdaq” adlı layihə çərçivəsində kitab dəsti nəşr edilib.
"Yazıçılarımızı dünyaya tanıdaq" layihəsi çərçivəsində kitab dəsti nəşr edilib (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

"Yazıçılarımızı dünyaya tanıdaq" adlı layihə çərçivəsində kitab dəsti nəşr edilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, I Avropa Oyunları çərçivəsində nazirliyin dəstəyi ilə "XAN" nəşriyyatında "Yazıçılarımızı dünyaya tanıdaq" adlı layihə çərçivəsində kitab dəsti nəşr edilib. Layihənin hazırlanmasında "Hədəf Nəşrləri"nin mütəxəssisləri də yaxından iştirak ediblər. Kitabda Azərbaycanın bir sıra tanınmış yazıçılarının həyat və yaradıcılığı haqqında məlumat verilir, onların əsərlərindən müəyyən nümunələr təqdim edilir. İngilis dilində olan topluda Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Məhəmməd Hüseyn Şəhriyar, Mir Cəlal, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Məmməd Araz, Anar, Elçin, Kamal Abdulla kimi Azərbaycanın görkəmli nümayəndələri yer alıb.

20 ayrı kitabçadan və bir ümumi kitabdan ibarət dəst Azərbaycan ədəbiyyatını dünyaya tanıtmaq yolunda xüsusi əhəmiyyətə malikdir. Layihənin əsas məqsədi I Avropa Oyunları çərçivəsində ölkəmizi ziyarət edəcək qonaqlarda Azərbaycan mədəniyyətinə xüsusi rəğbət oyandırmaqdır. Nəfis tərtibatda çap edilən dəstdə yazıçıların həyat və yaradıcılığı yüksək poliqrafik keyfiyyətə malik şəkillərlə təqdim olunmaqla xüsusi qutularda yerləşdirilmişdir.

Layihənin məsləhətçisi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kitab dəstlərinin müəllifi və layihənin rəhbəri isə f.ü.f.d., dos. Şəmil Sadiqdir. Kitaba ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibəyli, naşiri Müşfiq Xan, ingilis dilinə tərcümə edəni Könül Nəsibova, redaktoru isə Nərgiz Cabbarlıdır.

Qeyd edək ki, layihənin dizayneri Teymur Fərzinin verdiyi məlumata görə hazırda layihənin təqdimatı üçün "Azerbaijani literature" adlı qısa filmi hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti