Bakı. Trend:
Ölkə iqtisadiyyatının və ixracın şaxələndirilməsi sahəsində məqsədyönlü tədbirlər davam etdirilir. 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft-qaz əmtəə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% artaraq 3,317 milyard ABŞ dolları təşkil edib. Cari ilin sonuna bu göstəricinin müstəqillik tarixinin ən yüksək səviyyəsinə çatması gözlənilir.
Bu barədə Trend-ə məlumatlı mənbə bildirib.
Bildirilib ki, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi üçün ölkənin strateji valyuta ehtiyatlarının mühüm elementlərindən biri kimi cari ilin yanvar-noyabr aylarında 5,042 milyard ABŞ dolları həcmində qızıl idxal olunub.
Vurğulanıb ki, qızıl idxalı real istehlak və iqtisadi aktivlik ilə bağlı olmadığından, idxalın dinamikasının və ya daxili tələb ilə bağlı olan idxal aktivliyinin təhlili zamanı nəzərə alınmır.
Qeyd edilib ki, qızıl idxalı nəzərə alınmadan cari ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 7,254 milyard ABŞ dolları olub. Qızıl idxalı istisna olmaqla idxalın həcmi isə 16,147 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0,5% artım deməkdir.
