Bakı. Trend:
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər il 31 dekabr tarixində qeyd olunan, azərbaycanlıların milli kimliyini, tarixi yaddaşını və qlobal miqyasda birlik ideyasını ifadə edən əlamətdar gündür. Bu gün təkcə təqvimdə bir tarix deyil, yüz illər boyu müxtəlif imperiyaların tərkibində yaşamış, coğrafi baxımdan parçalanmış, lakin mənəvi baxımdan birliyini qoruyub saxlamış xalqın həmrəyliyinin rəmzidir. Həmrəyliyi Günü dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla azərbaycanlını vahid məqsəd, ortaq dəyərlər və milli maraqlar ətrafında birləşdirir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.
"Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi kökləri XX əsrin sonlarında baş verən mühüm ictimai-siyasi hadisələrlə sıx bağlıdır. 1989-cu ilin dekabrında Araz çayı boyunca sərhəd məftillərinin sökülməsi, Azərbaycanın şimal və cənubunda yaşayan soydaşlarımızın bir-biri ilə qovuşmaq istəyi xalqın azadlıq və birlik arzusunun açıq təzahürü idi. Bu hadisə təkcə coğrafi sərhədlərə deyil, uzun illər formalaşdırılmış süni ayrılıqlara qarşı etiraz idi. 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının qurulmasından sonra bu ideya dövlət səviyyəsində dəstəkləndi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi. Bununla da həmrəylik ideyası təkcə emosional çağırış yox, eyni zamanda milli siyasətin mühüm istiqamətlərindən birinə çevrildi", - o bildirib.
Onun sözlərinə görə, "həmrəylik" anlayışı Azərbaycan xalqı üçün sadəcə birlik demək deyil. Bu anlayış milli kimliyin qorunması, ana dilinə, mədəniyyətə, adət-ənənələrə sahib çıxmaq, tarixi ədalətin bərpası uğrunda mübarizə aparmaq kimi dərin məna daşıyır. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar fərqli ictimai-siyasi mühitlərdə fəaliyyət göstərsələr də, onları birləşdirən əsas amil azərbaycançılıq ideologiyasıdır.
"Azərbaycançılıq milli mənsubiyyətindən, dini və siyasi baxışlarından asılı olmayaraq bütün azərbaycanlıları vahid kimlik altında birləşdirən ideyadır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü məhz bu ideyanın möhkəmlənməsinə, diaspor fəaliyyətinin güclənməsinə və milli maraqların müdafiəsinə xidmət edir. Müasir dünyada diaspor təşkilatlarının rolu getdikcə artır. İnformasiya müharibələrinin, siyasi təzyiqlərin və qlobal rəqabətin gücləndiyi bir dövrdə milli maraqların qorunması üçün təşkilatlanmış, məqsədyönlü və koordinasiyalı fəaliyyət xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan diasporu da bu baxımdan mühüm inkişaf yolu keçib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xaricdə yaşayan soydaşlarımız üçün milli məsələlərə diqqətin artırılması, Qarabağ həqiqətlərinin, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm platformadır. Xüsusilə 2020-ci ildə Vətən müharibəsi zamanı diaspor təşkilatlarının nümayiş etdirdiyi birlik və fəallıq həmrəyliyin real nəticələr verdiyini açıq şəkildə göstərdi", - o bildirib.
A.Qarayev qeyd edib ki, Azərbaycan dövləti dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsini strateji prioritetlərdən biri kimi müəyyən edib. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, Dünya Azərbaycanlılarının Qurultaylarının keçirilməsi və müxtəlif beynəlxalq layihələrin icrası xüsusi əhəmiyyət daşıyır.
"Həmrəylik Günü bu siyasətin ideoloji əsasını təşkil edir. Dövlət və diaspor arasında qarşılıqlı etimad, informasiya mübadiləsi və birgə fəaliyyət mexanizmləri məhz bu ümummilli ideya üzərində qurulur. Nəticədə xaricdə yaşayan azərbaycanlılar özlərini təkcə etnik icmanın üzvü deyil, güclü və müstəqil dövlətin ayrılmaz hissəsi kimi hiss edirlər. Qloballaşma dövründə milli kimliyin qorunması xüsusilə gənc nəsil üçün aktual çağırışdır. Xaricdə doğulub böyüyən, fərqli mədəni mühitdə formalaşan azərbaycanlı gənclərin ana dilinə, tarixinə və milli dəyərlərə bağlılığı məhz məqsədyönlü siyasət və ictimai təşəbbüslər hesabına gücləndirilə bilər. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gənclər üçün milli şüurun formalaşmasında mühüm ideoloji vasitədir. Bu gün çərçivəsində keçirilən forumlar, mədəni tədbirlər, konfranslar və onlayn platformalar gənclərin bir-biri ilə əlaqə qurmasına, ortaq identiklik hissini gücləndirməsinə şərait yaradır", - o bildirib.
Politoloq vurğulayıb ki, milli həmrəyliyin əsas dayaqlarından biri mədəniyyət və dildir. Azərbaycan dili dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün mənəvi bağ rolunu oynayır. Həmrəylik Günü çərçivəsində keçirilən ədəbi-bədii gecələr, konsertlər, sərgilər milli mədəniyyətin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
"Bu tədbirlər vasitəsilə həm Azərbaycan mədəniyyəti yaşadılır, həm də digər xalqlara təqdim olunur. Beləliklə, Həmrəylik Günü təkcə daxili birlik yox, həm də Azərbaycanın beynəlxalq imicinin formalaşmasına xidmət edir. Bu gün dünya sürətlə dəyişir, yeni siyasi və informasiya çağırışları meydana çıxır. Dezinformasiya, ikili standartlar və regional gərginliklər fonunda milli həmrəyliyin qorunması daha da aktuallaşır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu çağırışlara qarşı mənəvi sipər rolunu oynayır. Gələcəkdə bu günün məzmununun daha da zənginləşdirilməsi, rəqəmsal platformalar vasitəsilə qlobal azərbaycanlı şəbəkəsinin gücləndirilməsi vacibdir. Sosial media, beynəlxalq media orqanları və akademik mühitlərdə koordinasiyalı fəaliyyət həmrəylik ideyasını yeni mərhələyə daşıya bilər. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının tarixi yaddaşının, milli kimliyinin və qlobal birlik ideyasının təntənəsidir. Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını eyni dəyərlər ətrafında birləşdirir, milli maraqlar naminə ortaq məsuliyyət hissi formalaşdırır. Həmrəylik gücdür. Bu güc isə Azərbaycan xalqının keçmişindən gələn mənəvi irsi, bu gününü müəyyən edən dövlətçilik düşüncəsini və gələcəyə yönəlmiş strateji baxışını özündə birləşdirir. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü məhz bu birlik və güc ideyasının rəmzi olaraq daim yaşayacaq", - Azır Qarayev əlavə edib.
