Bakı.Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Tədbirdən əvvəl Ombudsman təsisatı tərəfindən hazırlanmış hüquqi maarifləndirici nəşrlərin, eləcə də ötən əsrdə soydaşlarımızın Ermənistandan qaçqın düşməsi ilə bağlı faktları özündə əks etdirən sənədlərin sərgisi təşkil olunub.
Tədbirdə Ombudsman Səbinə Əliyeva giriş nitqi ilə çıxış edərək, layihəsi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il 12 noyabr tarixində qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasının insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi təsbit etdiyini bildirib.
Ombudsman Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və ölkə
Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik
strategiyası nəticəsində respublikamızın suverenliyinin tam bərpa
edildiyini, insan hüquqlarının qorunması sahəsində ciddi
nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
Müvəkkil “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ombudsman
təsisatı tərəfindən paytaxt və regionlarda silsilə hüquqi
maarifləndirmə tədbirlərinin keçirildiyini qeyd edib. Bugünkü
tədbirin tələbələrin Konstitusiya və suverenlik məsələlərinə dair
hüquqi biliklərinin dərinləşdirilməsi, hüquq düşüncəsinin və hüquq
mədəniyyətinin inkişafına xidmət etdiyini diqqətə çatdırıb.
Səbinə Əliyeva, eyni zamanda, Azərbaycan Ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib. O, Ombudsman təsisatının ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, bu əməkdaşlıq çərçivəsində təsisatın nümayəndələrinin davamlı olaraq tələbələrin hüquqi biliklərinin artırılmasına dəstək olduqlarını qeyd edib.
Tədbirdə, həmçinin Ombudsmanın təşəbbüsü ilə hazırlanmış sosial
videoçarx nümayiş olunub.
Yekunda Ombudsman Səbinə Əliyeva tədbir iştirakçılarını
maraqlandıran sualları cavablandırıb.