...

ARDNF-nin 2025-ci il üzrə fəaliyyət və göstəricilərinin İCMALI

İqtisadiyyat Materials 30 Dekabr 2025 13:00 (UTC +04:00)
ARDNF-nin 2025-ci il üzrə fəaliyyət və göstəricilərinin İCMALI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF/SOFAZ) üçün həm strateji, həm də maliyyə baxımından uğurlu il oldu. Fond yalnız aktivlərini artırmaqla kifayətlənmədi, eyni zamanda dayanıqlı enerji, infrastruktur və beynəlxalq investisiya sahələrində strateji addımlar ataraq gələcək nəsillər üçün ölkənin iqtisadi zəminini möhkəmləndirdi. Cari ilin 3-cü rübündə ARDNF-in aktivləri 16,9% artaraq 70,2 milyard ABŞ dollarına çatdı ki, bu da ÜDM-in 91,2%-i səviyyəsində dayanıqlı sərvət fondu yaratdığını təsdiqləyir.

Fondun ümumi maliyyə göstəriciləri

Bu ilin yanvar-sentyabr aylarında ARDNF-in büdcə gəlirləri 13 milyard 73,5 milyon manat, büdcə xərcləri isə 10 milyard 917,8 milyon manat təşkil edib.

9 ay ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 7 milyard 837,7 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 7 milyard 68,8 milyon manat, bonus ödənişləri və tranzitdən 765,3 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Quruma "Azəri-Çıraq-Günəşli" yatağından 6 milyard 183,9 milyon manat, "Şahdəniz" yatağından isə 697 milyon manat vəsait daxil olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir isə 5 milyard 235,7 milyon manat olub.

Hesabat dövründə ARDNF dövlət büdcəsinə 10 milyard 860,8 milyon manat transfert edib (9 ay ərzində Azərbaycan Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 4 milyard 350,3 milyon ABŞ dolları məbləğində vəsait satıb). Maliyyə Nazirliyinin açıqladığı ən son rəqəmlərə əsasən isə, bu ilin yanvar-noyabr aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 13 milyard 274,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% çoxdur. Bu il ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməli olduğundan, Fond tərəfindən 11 aylıq ödəniş tam icra edilib.

Bundan başqa, bu ilin ilk 9 ayında ARDNF "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 8,2 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" nın maliyyələşməsinə 26,1 milyon manat yönəldib, idarəetməyə isə 22,9 milyon manat xərcləyib.

Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirləri isə 15 milyard 66,1 milyon manat təşkil edib.

Hesabat dövründə ARDNF-in aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşıb.

Eyni zamanda bu ilin III rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 3,7 ton qızıl alıb və qızıl ehtiyatlarını 184,8 tona çatdırıb. Məlumata görə, oktyabrın 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 32,8% olub ki, bu da iyulun 1-i ilə müqayisədə 4 faiz bəndi çoxdur. Bu artımda qızıl alışı ilə yanaşı, onun qiymətinin artması da rol oynayıb.

Maliyyə bazarları baxımından, III rübdə müşahidə olunan nisbətən sakit iqtisadi-bazar mühiti dövlət istiqrazlarının gəlirlilik dərəcələrinin volatilliyinin əvvəlki rüblərlə müqayisədə azalmasına səbəb olub. Avrozona və Böyük Britaniyanın 10 illik dövlət istiqrazlarının gəlirlilik dərəcələrində artım, ABŞ-da isə azalma tendensiyası müşahidə olunub. Yüksək faiz gəlirlərinin də töhfəsi ilə Fondun borc öhdəliklərindən əldə etdiyi gəlirlər artıb.

Qlobal səhm bazarları III rübdə güclü performans göstərərək, əvvəlki rübdə müşahidə olunan artım tendensiyasını davam etdirib. Əsasən ABŞ bazarlarında baş verən yüksəliş nəticəsində, əsas indekslər yüksək gəlirlilik göstərib. Bu müsbət dinamika rüb ərzində ARDNF-in səhm bazarlarından əldə olunan gəlirlərinə əhəmiyyətli dərəcədə töhfə verib.

Qızıl bazarı hesabat dövründə ardıcıl olaraq tarixi maksimum səviyyələri yeniləyərək yüksək gəlirlilik nümayiş etdirib. Qlobal miqyasda davam edən qeyri-müəyyənliklər, mərkəzi bankların həyata keçirdiyi iri məbləğli alışlar və digər mənbələrdən mövcud tələbat qızılın qiymətinin yüksəlməsinə səbəb olub. Nəticə etibarilə, bu amillər Fondun qızıl altportfelinin performansını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və büdcədənkənar gəlirlərin artımına töhfə verib.

Strateji beynəlxalq investisiyalar

ARDNF 2025-ci ildə bir sıra strateji investisiyaları uğurla həyata keçirib. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin may ayının sonunda Əbu-Dabidə yerləşən, qlobal alternativ investisiya şirkəti olan “Lunate Capital” (“Lunate”) tərəfindən idarə olunan ixtisaslaşmış investisiya fondu vasitəsilə “ADNOC Gas Pipeline Assets LLC” (“AGPA”) şirkətinə 50 milyon ABŞ dolları həcmində investisiya yatırıb. Bu investisiya ARDNF-nin dayanıqlı və gəlir gətirən infrastruktur aktivlərinə yatırımlar vasitəsilə portfel diversifikasiyası strategiyasına uyğun olaraq həyata keçirilib və Fondun Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) regionu ilə iqtisadi əlaqələrinin daha da genişləndirilməsinə yönəlib.

Bundan başqa, bu ilin iyulunda Fond və bərpa olunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq “Enfinity Global” şirkəti, ARDNF-nin İtaliyada yerləşən ümumi gücü 402 MVt olan günəş fotovoltaik (PV) elektrik stansiyalarından ibarət portfeldə 49%-lik pay əldə etməsini nəzərdə tutan müqavilə imzaladı. Bu investisiya illik 685 milyon kilovat-saat enerji istehsalını təmin edərək 250 minə yaxın ailənin enerji tələbatını qarşılayacaq və karbon emissiyasını 184,950 ton azaldacaq.

Eyni zamanda ARDNF il ərzində daha bir diqqətçəkən yatırım etdi. Belə ki, ARDNF “Global Infrastructure Partners” fondu vasitəsilə “Italo”ya sərmayə yatırdı. Şirkət İtaliyada 54 şəhəri birləşdirən marşrutlarda fəaliyyət göstərir və dayanıqlı mobillik həllərinə artan tələbat fonunda böyük artım potensialına malikdir. Bu investisiya, uzunmüddətli investor olaraq dayanıqlı infrastruktur aktivlərinə sərmayələr həyata keçirməklə ARDNF-nin investisiya portfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.

Dövr ərzində Çin ilə əməkdaşlıq baxımından da mühüm addım atıldı. Bu ilin aprelində ARDNF ilə Çin İnvestisiya Korporasiyası arasında Anlaşma Memorandumu imzalandı. Bu, Fondun qlobal tərəfdaşlıq imkanlarını genişləndirir və Asiya bazarına çıxışı təmin edir.

ARDNF 2025-ci il ərzində beynəlxalq platformalarda aktiv iştirakını davam etdirib. Nüfuzlu “Global SWF” platforması tərəfindən “Ayın Fondu” seçilib. Eyni zamanda CFA İnvestisiya Konfransında və Pekində ESG (Ətraf mühit, Sosial və Korporativ idarəetmə) təcrübəsini təqdim edib. Bundan başqa, ilk dəfə təşkil olunan “Gələcəyimizə İnvestisiya” proqramı vasitəsilə investisiya sahəsində karyera qurmaq istəyən 8 tələbə qız mentorluq dəstəyi ilə real iş mühitində təcrübə qazanıb.

Dayanıqlı enerji və investisiya portfeli

2025-ci ildə ARDNF-in diqqət mərkəzində dayanıqlı enerji və infrastruktur sahələri olub. İtaliyadakı günəş stansiyaları portfeli və “Italo” sərmayəsi, həmçinin qlobal enerji və nəqliyyat infrastrukturuna yatırımlar, Fondun uzunmüddətli strateji hədəflərinə uyğun olaraq sabit və proqnozlaşdırıla bilən gəlir mənbələri yaradıb.

Beynəlxalq qiymətləndirmələr

2025-ci ildə ARDNF-in fəaliyyəti beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilib. Belə ki, “Moody’s”, “Fitch” və “S&P” Fondun aktivlərinin dayanıqlığını, uzunmüddətli investisiya strategiyasını və Azərbaycanın iqtisadi sabitliyinə verdiyi töhfəni xüsusi vurğulayıblar.

“S&P Global Ratings”in hesabatında ARDNF-in əhəmiyyətli aktivləri fonunda Azərbaycanın fiskal və xarici buferlərinin şoklara qarşı dayanıqlı olduğu vurğulanır. “S&P” qeyd edir ki, ARDNF-də toplanmış valyuta aktivləri xarici şoklar və qiymət dövrlərində mənfi təsirlərin öhdəsindən gəlmək üçün kifayət qədər imkan yaradır.

“Fitch Ratings” isə proqnozlaşdırır ki, ARDNF-in aktivləri qiymət artımları sayəsində davamlı artacaq və xarici ehtiyatlar 2025–2027-ci illərdə tam dayanıqlı qalacaq.

Bu rəylər ARDNF-in təkcə maliyyə göstəricilərini deyil, həm də strateji və idarəetmə yanaşmasını qlobal səviyyədə tanıdığını göstərir.

Beləliklə, ARDNF 2025-ci ildə aktivlərini gücləndirərək beynəlxalq investisiyalarda iştirakını genişləndirmiş, dayanıqlı enerji və infrastruktur sahələrində strateji addımlar atmışdır. Fond həm maliyyə göstəricilərində, həm də sosial məsuliyyət və ESG prinsiplərində lider mövqeyini qoruyaraq, Azərbaycanın gələcək nəsilləri üçün dayanıqlı iqtisadi zəmin yaratmağa davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti