...

Rumıniyada "SOCAR" brendi altında 3 yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

İqtisadiyyat Materials 30 Dekabr 2025 15:31 (UTC +04:00)
Rumıniyada "SOCAR" brendi altında 3 yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada „SOCAR” brendi altında 3 yeni yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.

Trend xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, SOCAR-ın Rumıniyadakı törəmə müəssisəsi olan SOCAR Petroleum SA bu ölkənin Salaj, Suceava və Satu-Mare regionlarında açdığı məntəqələrlə YDM şəbəkəsini 91-ə çatdırıb.

SOCAR Petroleum SA-nın Baş direktoru Ramin Əliyev bildirib ki, SOCAR Rumıniyada investisiya layihələrini uğurla həyata keçirərək bu ölkədə YDM şəbəkəsini genişləndirməkdə davam edir:

“2025-ci il SOCAR üçün biznes baxımından uğurlu il oldu. Biz Rumıniyada YDM şəbəkəmizi genişləndirdik. Cari ildə 9 yeni YDM açmağı planlaşdırırdıq, amma ili 14 məntəqə ilə başa vururuq. 2026-cı il üçün də 100 YDM həddini aşmaq kimi iddialı planımız var. Məqsədimiz SOCAR-ın Rumıniya yanacaq bazarındakı mövqeyini daha da gücləndirməkdir".

Hər bir „SOCAR” brendli yanacaqdoldurma məntəqəsində olduğu kimi bu məntəqələrdə də müştərilərə benzin (Nano 95, Nano 98) və dizel yanacaqları (Nano Dizel, Nano Super Dizel), həmçinin məntəqənin ərazisindəki "Nar" kafedə yerli və Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Made in Azerbaijan" brendinin təbliği istiqamətindəki siyasətinə uyğun olaraq məntəqələrdə Azərbaycan guşəsi yaradılmışdır. SOCAR-ın ölkə üzrə bütün məntəqələrində quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində video-çarxlar da nümayiş olunur.

Qeyd edək ki, SOCAR-ın Suceava regionunda 10, Salaj regionunda 3, Satu-Mare regionunda isə 2 yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Hazırda SOCAR Rumıniyanın 41 regionunun 30-da "SOCAR" brendli 91 YDM-ə malikdir.

Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsi ilə həyata keçirir. Şirkət 2024-cü ildə 3,6 milyard lei (təqribən 707 milyon avro) dövriyyəyə malik olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 33% çoxdur. Hal-hazırda Şirkətin ölkə üzrə 3 yanacaqsaxlama deposu mövcuddur. İndiyədək SOCAR Rumıniya iqtisadiyyatına 400 milyon lei (təqribən 78,4 milyon avro) həcmində investisiya yatırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti