...

Azad Rəhimov: "Sübut edilərsə, istefa verməyə hazıram" (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 11 İyun 2015 16:29 (UTC +04:00)
"Dünyada hansısa bir audit şirkəti Gənclər və İdman Nazirliyinin büdcəsindən bir manatın kənara xərclənməsini sübut edərsə, mən öz vəzifəmdən istefa verməyə hazıram".
Azad Rəhimov: "Sübut edilərsə, istefa verməyə hazıram" (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Dünyada hansısa bir audit şirkəti Gənclər və İdman Nazirliyinin büdcəsindən bir manatın kənara xərclənməsini sübut edərsə, mən öz vəzifəmdən istefa verməyə hazıram".

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün I Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransında deyib.

A.Rəhimov qeyd edib ki, Azərbaycanın idman büdcəsi ildə təqribən 10 milyon manat təşkil edir və bu vəsait bütün idman növləri üzrə müxtəlif yarışlarda iştirak etmək üçün xərclərə, təlimlərə, idman avadanlıqlarının alınması, dərman təchizatı və digər məsələlərə sərf olunur.

Avropa Oyunlarının büdcəsinə gəlincə isə nazir bildirib ki, büdcə 960 milyon manat idi və sonradan 1 milyarddan bir qədər çox oldu.

Gənclər və idman naziri A.Rəhimov deyib ki, I Avropa Oyunları dostluğun, həmrəyliyin təntənəsi olmalıdır: "İdman sülh deməkdir və insanları birləşdirir. İdmanı siyasiləşdirmək istəyən təşkilatların heç biri öz məqsədlərinə çata bilməyəcək. Biz görməmişdik ki, hansısa bir ölkənin Olimpiya Komitəsi boykotla çıxış etsin. Biz bəzi stenoqramlara nəzər saldıqda görürük ki, bunu siyasiləşdirmək istəyirlər".

Nazir qeyd edib ki, əsas məqsədimiz idmandır və gənc nəsli sağlam ruhda yetişdirməkdir: "Birinci Avropa Oyunlarının keçirilməsi Azərbaycanı, onun tarixini, qonaqpərvərliyini, mətbəxini, incəsənətini dünyaya tanıtmağa şərait yaradır. Bu Oyunlar gənclər üçün də qapılar açır. Yeni idman növləri ilə bağlı idman yarışları keçirilir və burada məqsəd gənclərə bu idman növlərinin necə yaxşı olduğunu göstərməkdir. Oyunlar turizm potensialının inkişaf etdirilməsi üçün də vacibdir. İnsanlar gəlib bu gözəl şəhəri, gözəl Azərbaycanı görə biləcəklər".

A.Rəhimov vurğulayıb ki, Avropa Oyunlardan sonra irs qoyulması məsələsi çox vacibdir: "Avropa Oyunları, eləcə də Olimpiya Oyunları qitə baxımından çox əhəmiyyətlidirlər. Biz Avropa Oyunları üçün idman infrastrukturunu qurmaq məqsədilə öz strategiyamızı yaratdıq. Əvvəla, mövcud idman arenaları təmir olunub, yenidən qurulub. İkincisi, bəzi müvəqqəti idman tikililəri var. Üçüncüsü isə tam yeni idman arenaları tikilərək istifadəyə verilib. Bütün bunlar Oyunlardan sonra irs olaraq ölkəyə qalacaq".

Qeyd edək ki, mətbuat konfransı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti