Azərbaycan, Bakı, 14 iyun /Trend/
2015-ci ilin 12 iyun tarixində Misirin Gənclər və İdman naziri Xalid Əbdüləziz Misir Prezidenti Əbdülfəttah Sisinin adından Bakı-2015 İlk Avropa Oyunlarının açılışında Misiri təmsil etmişdir. Səfərini başa vuran nazir İlk Avropa Oyunları haqqında Misir mətbuatına açıqlama vermişdir.
Nazir Azərbaycan Respublikasının Bakı-2015 İlk Avropa Oyunlarının uğurlu keçməsi üçün güclü təşkilatçılıq nümayiş etdirdiyini xüsusi şəkildə vurğulamışdır.
Azərbaycanın idmana xüsusi önəm verdiyini vurğulayan X.Əbdüləziz Bakı-2015 İlk Avropa Oyunlarında 49 Avropa ölkəsindən 6 min idmançının 20 idman növü üzrə yarışlarda iştirak etdiyini bildirmişdir.
Paytaxt Bakıda Milli stadionda İlk Avropa Oyunlarının açılışında müxtəlif ölkə və hökumət başçılarının iştirak etdiyini qeyd edən nazir Avropa Oyunlarının Prezident cənab İ.Əliyevin başçılığı altında həyata keçirildiyini vurğulamışdır.
X.Əbdüləziz Avropa Oyunları zamanı Küveytin Mətbuat və Gənclər məsələləri üzrə naziri Şeyx Salman Əl-Sabah Əl-Salim Əl-Həmud və Omanın İdman məsələləri üzrə naziri Şeyx Səd bin Məhəmməd Əl-Mərduf Əl-Sədi ilə görüşdüyünü və müştərək əməkdaşlıq məsələlərini müzakirə etdiyini bildirmişdir.