...

Günel Ələkbərova "Azəri Top Model"də modellərə meydan oxudu (FOTO)

Mədəniyyət Materials 19 İyul 2011 18:51 (UTC +04:00)
Bütün diqqətlər yenidən ona yönəldi. Mübarizəyə qatılan 16 model xanım podiumda mahnı oxumaqdan ötrü çıxmasına baxmayaraq, onu özlərinə real rəqib bildilər.
Günel Ələkbərova "Azəri Top Model"də modellərə meydan oxudu (FOTO)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Bütün diqqətlər yenidən ona yönəldi. Mübarizəyə qatılan 16 model xanım podiumda mahnı oxumaqdan ötrü çıxmasına baxmayaraq, onu özlərinə real rəqib bildilər.

Dünən Lider TV-də yayımlanan "Azəri Top Model" müsabiqəsində yenidən Günel Ələkbərova rüzgarı əsdi. Türkiyənin Mersin şəhərində TÜRKSOY-un təşkilatçılığı keçirilmiş türkdilli dövlətlərdən populyar estrada müğənnilərin iştirak etdiyi "38-ci Beynəlxalq Silife mahnı müsabiqəsi"ndə Azərbaycanı uğurla təmsil edən müğənni, əldə etdiyi qələbəsini növbəti dəfə təzələdi. Canlı yayımla nümayiş olunan müsabiqənin həm açılış, həm də sonunda səhnəyə çıxan Ələkbərova, yaxın gələcəkdə foto-model olmaq istədiyini də gizlətmədi.

Müsabiqənin gedişatında bir-birindən gözəl modellər layihənin ideya müəllifi və aparıcısı, Rus Dram Teatrının aktyoru, əməkdar artist Firdovsi Atakişiyevin təqdimatı ilə səhnəyə çıxıb tamaşaçılardan SMS dəstəyi almaq üçün yarışmağa başladılar.

"Azəri Top Model"in münsiflər heyətinin dəyişməz üzvləri - əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, "Passage" jurnalının baş redaktoru Nərminə Ağası, stilist Syama, geyim üzrə stilist Aygün Əliyeva, model və son illərdə özünü həm də müğənni kimi tanıdan Züleyxa Akçurina əvvəlcə fotoqraf Vüsal Verdiyevin çəkmiş olduğu fotosessiyanı nəzərdən keçirdilər. Qonaq münsif qismində canlı yayıma təşrif buyuran tele-aparıcı Zemfira Adıgözəlova bu işdə onlara yaxından kömək etdi. Çox keçmədi ki, münsiflər iştirakçı Nahidə Abdullayevanın şəklini bəyənərək, onu digər model xanımların şəkillərindən üstün tutdular.

İki saata yaxın davam edən mübarizədə SMS-nəticələr də açıqlandı. Həftənin birincisi Təranə Rzayeva, ikincisi Elvira Rüstəmova, üçüncüsü Diana Eyyubova oldu. Müsabiqəni tərk etməklə barışmaq isə Nahidənin payına düşdü.

"Azəri Top Model"də qızlara dəstək olan müğənni təkcə Günel Ələkbərova olmadı. Bu günlərdə "Slavyan Bazarı" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Aynişan Quliyeva və "Kristal" qrupunun eks-solisti Lalə mahnılarını səslədirib, ifaları ilə studiyadakı həyəcanı azaltmağa çalışdılar.

Məlumat üçün bildirək ki, müsabiqə hər həftənin bazar ertəsi saat 22:30-dan başlayaraq gecə yarısına qədər Lider TV-də canlı yayımlanır. Tamaşaçılara hər həftənin cümə axşamı və cümə günü 20 dəqiqəlik gündəlik buraxılış təqdim olunur ki, bu da peşəkar model İlqar Əliyevin təqdimatında efirə vəsiqə alır.

"Azəri Top Model"in prodüserləri Fəridə Cabarova və Rauf Musayevdir.

Layihənin informasiya tərəfdaşı TREND Xəbərlər Şirkəti, Day.Az və Milli.Az xəbər portallarıdır.

Sonda "Azəri Top Model"də mübarizəni davam etdirən iştirakçıları növbəti dəfə Sizə təqdim edirik:

Rzayeva Təranə, Rüstəmova Elvira, Eyyubova Diana, Əbilova Gülnar, Rzayeva Oksana, Allahverdiyeva Səbinə, Cəfərova Maya, Ramazanova Nərminə, Arsentyeva Olqa, Klimova Yuliya, Şevçenko Aleksandra, Əliyeva Çinarə, Həsənova Xana, Əlizadə Ləman, Nəzərova Qərənfil.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti