...

"Toy olsun"a qayıdacaq Elgiz: "Ulvira ilə mənim şəxsi düşmənçiliyim yoxdur" (FOTO)

Mədəniyyət Materials 7 Oktyabr 2011 20:26 (UTC +04:00)
ANS TV-də yayımlanan və teleaparıcı Ulvira Qarayevanın təqdimatında yayımlanan "Toy olsun" evlilik şousunun formatı yenidən dəyişəcək.
"Toy olsun"a qayıdacaq Elgiz: "Ulvira ilə mənim şəxsi düşmənçiliyim yoxdur" (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

ANS TV-də yayımlanan və teleaparıcı Ulvira Qarayevanın təqdimatında yayımlanan "Toy olsun" evlilik şousunun formatı yenidən dəyişəcək. Trend-in məlumatına görə, ötən il layihədə aparıcılıq etmiş Elgiz Əkbər yenidən evlilik şousuna qayıdır. Xəbəri Elgizin özü də təsdiqlədi.

- 18 oktyabr tarixindən etibarən "Toy olsun" verilişi yeni formatda, yeni studiya dekoru ilə tamaşaçıların görüşünə gələcək. Ötən televiziya mövsümünün sonuna iki ay qalmış tamaşaçılara səslənib demişdim ki, olduqca fərqli televiziya şousunda aparıcısı kimi görünəcəyəm. Hətta planlaşdırırdıq ki, həmin tok-şou efirdə canlı olaraq yayımlansın. Çox təəssüf ki, bu mövsümdə istəyimi reallaşdıra bilmədim. Format dəyişikliyi olan "Toy olsun"da görünməməyimlə bağlı o qədər insanların tələbi ilə qarşılaşırdım ki, sözlə izah etmək mümkün deyil. Çoxları məni yenidən bu layihədə görmək istəyirdi. Sırf bu istəklərin qarşılığında ideyamı gerçəkləşdirməkdən imtina etdim və "Toy olsun"a qayıtmağa qərar verdim. İnşallah yenidən həmkarım Ulvira Qarayeva ilə birlikdə gəncləri evləndirməyə davam edəcəyik.

- Ulvira Qayaveva ilə? Yəqin yadından çıxmayıb; hər ikiniz mediaya açıqlamalarınızda bir-birinizə qarşı olduqca kəskin ittihamlar səsləndirmişdiniz. Söhbət "Toy olsun"un kimin ideyası olmağından gedir. Aranızda olan umu-küsü aradan qalxdımı?

- Əslində "evlilik şousu kimin layihəsidir" sualına çoxdan aydınlıq gətirmişəm. Və dediyim hər bir ifadənin doğru olduğuna inana bilərsiniz. (Qeyd: Elgiz Milli.Az-xəbər portalına verdiyi müsahibəsində belə demişdi: "Toy olsun"u da Azərbaycanda ilk dəfə mən açdım. Əslində,o veriliş iki il bundan öncə efirə çıxmalı idi. Bunu hətta bizim Bədii Şurada da qəbul etmişdilər. Ancaq "Elgizli axşamlar" verilişi başımı qatdı. Lakin yenə də "Toy olsun" efirə gec çıxmasına baxmayaraq, çox uğurlu alındı, savab qazandıq. 20-yə yaxın insan ailə həyatı qurdu. Biz onlara toy elədik. - red) Sözlərimi geri də götürmürəm. Ulvira xanımın fikirlərinə də hörmətlə yanaşıram. O ki qaldı iki aparıcı arasında olan fikir ayrılığının olmasına, bu da normaldır. Təbii ki, nə mən deyəni o deyə bilməz, nə də Ulvira deyənlə mən razılaşa bilmərəm.

- Demək bu qənaətə gəlmək olar ki, Ulvira ilə Elgizin münasibətləri çox yaxşıdır. Və siz yenidən həmrəylik nümayiş etdirib, tamaşaçı qarşısına müsbət enerji ilə çıxacaqsınız.

- Əlbəttə, bu belə olacaq. İştirakçılarımıza sürprizlərimiz var. Yeni evlənəcək cütlüklər üçün təqdim olunan hədiyyələrin sayı artacaq. Təşkil edəcəyimiz toylar da fərqli olacaq. Fikrimiz var ki, Türkiyə şou-biznesinin tanınmış müğənniləri belə, qonaq qismində həmin məclislərə təşrif buyursunlar. Bir sözlə, yeniləşən rubrikalarla "Toy olsun" tamaşaçılarının görüşünə gələcək.

- Elgiz, şouya qayıdışın tamaşaçılarda başqa sual da doğura bilər. Belə fikirləşənlər olar ki, siz Ulvira ilə öncədən şərt kəsib qərar vermisiniz ki, bir müddət bir yerdə görünməyəsiniz. Və nəticə etibarilə şounun reytinqində yüksəliş olsun.

- Vallah, yox! Bir Allah şahiddir ki, belə bir şey olmayıb. "Toy olsun"un indi nümayiş olunan formatı Ulviranın ideyası idi və rəhbərlik də onun yeniliyinə müsbət cavab verdi. Bəlkə də "Toy olsun"un formatında dəyişiklik olması ola bilər ki, bəzi tamaşaçıların ürəyincə olmayıb. Çünki sadiq tamaşaçılar efirdə alışdıqları "evlilik şousu"nu görmək arzusunda olublar. Deməzdim ki, Ulviranın təqdimatında yayımlanan veriliş maraqsızdır və baxılmır. Çünki bir neçə gün bundan əvvəl məlumat verdi ki, "Toy olsun"da yenidən Elgizlə birlikdə aparıcılıq edəcək. Səmimi sözümdür, bu açıqlamasından sonra telefonum susmaq bilmirdi. Haradasa 500-ə yaxın zəng qəbul etdim. Deməli, bu, verilişin baxımlı olmasına bir işarədir.

- Əsas odur ki, siz bir-birinizi tamamlayan aparıcı kimi tamaşaçı sevgisi qazanmısınız...

- Ulvira ilə mənim şəxsi düşmənçiliyim yoxdur. Allah iraq eləsin, o mənə və ya əzizlərimə pislik eləməyib ki, düşmən münasibətlərində olaq. Ulvira ilə nə mübahisəmiz olubsa, bu yalnız işlə bağlı olub. Ona görə də nə zaman görüşürüksə, bir-birimizin gözünə dik baxmağı bacarırıq. Odur ki, oxucularınızdan ikimizə də uğurlar arzulamaqlarını rica edərdim...

Xəbər lenti

Xəbər lenti