...

Latviyanın "Eurovision 2012"-dəki təmsilçisi Azərbaycan nağıllarının vurğunu olub

Mədəniyyət Materials 14 Mart 2012 13:41 (UTC +04:00)
Latviyanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Anmari hələ Azərbaycanda olmayıb, lakin o əmindir ki, bu ölkə ilə tanışlıq onun yaddaşında həmişəlik qalacaq.
Latviyanın "Eurovision 2012"-dəki təmsilçisi Azərbaycan nağıllarının vurğunu olub

Azərbaycan, Bakı, 14 mart / Trend, müxbir V.İmanov /

Latviyanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Anmari hələ Azərbaycanda olmayıb, lakin o əmindir ki, bu ölkə ilə tanışlıq onun yaddaşında həmişəlik qalacaq.

"Ölkəni tanımaq və onu kəşf etməyin ən yaxşı üsulu orada olmaq və yerli sakinlərlə söhbət etməkdir. Əminəm ki, ölkənizi yaxından tanıyacağam və o mənim qəlbimdə həmişəlik qalacaq", - müğənni Trend-ə müsahibəsində deyib.

Anmari uşaqlıqda nağılların böyük pərəstişkarı olub və Azərbaycan nağıllarını oxuyub.

"Sovetlər zamanında kitablar silsiləsi var idi - dünya xalqlarının nağılları. Nağılların böyük pərəstişkarı idim. Orada Azərbaycanın təbiəti, onun yaşıl çəmənləri və otlaqları, əzəmətli dağları, gurlayan çayları, çiçəklənən bağları əks olunmuşdu. Mən həm də "Brilyant əl" filminə baxmağı xoşlayırdım, ona görə köhnə Bakını təsəvvürümdə canlandıra bilərəm", - o deyib.

Latviyanın təmsilçisi Bakıya gəlmək imkanı əldə etməsindən şaddır.

"Ölkəniz çox koloritli, ənənələri və memarlıq abidələri ilə zəngindir, sizin gözəl və rəngarəng təbiətiniz var. Azərbaycanlıların qonaqpərvərliyi çox məşhurdur. Mən azərbaycanlı qadınların xalq rəqsləri ilə fəxr edirəm - hamar hərəkətlər, elastiklik və zəriflik!", - Anmari deyib.

Müğənni xalçaçılığın Azərbaycanda ənənəvi sənətlərdən biri olduğunu da bilir.

"Latviyanın "Eurovision" üzrə milli seçim turunda qalib gəldikdən sonra Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov mənə məni Bakıya çatdıracaq çox gözəl "uçan" xalça bağışladı", - o deyir.

Anmarinin sözlərinə görə, o musiqiyə uşaqlıqdan bağlıdır.

"Plastinkaları, kasetləri necə dinlədiyimi indiyədək xatırlayıram. Ən çox dinlədiyim Tina Törner, Uitni Hyuston, Norveçin "A-ha" qrupu və bəstəkarımız Raymond Paujlsun mahnıları idi. Bir dəfə anam mənə ad günümə hədiyyə alanda mən bir kaset seçdim. Sonralar bunun Maykl Ceksonun albomu olduğu məlum oldu. Sonralar o uzun illər mənim səcdəgahım oldu", - o deyir.

Anmarinin sözlərinə görə, qızının həvəsini görüb anası onu musiqi məktəbinə daxil olmağa inandırır.

"On beş il fortepianoda ifa etməyi öyrəndim. Lakin mənim ürəyimin istəyi başqa idi - mən oxumaq istəyirdim. Vokalı öyrənməyə başladım və bu gün vokal ifadan dərs deyirəm", - o deyir.

Müğənninin səhnədə ilk addımlarından biri ikinci yer tutduğu "Fabrika talantov" televiziya musiqi şousu ilə bağlıdır.

"Müxtəlif layihələrdə iştirak etmişəm, "Vestsayd əhvalatı " müziklində oxumuşam, "Sunny Sense" və "Mash Mash" qruplarının ifaçısı olmuşam. Hamburq Musiqi və Teatr Akademiyasının professoru, bəstəkar Kristof Şenxer (Christoph Schönherr) məni onun "Magnificat" musiqi əsərində solo oxumağa dəvət etdi və mən Hamburq Simfonik orkestri ilə birlikdə Almaniyada və başqa ölkələrdə konsertlər verdim. İndi isə məni "Eurovision" gözləyir. Mən hazırlıq prosesindən zövq alıram və səhnəyə hər çıxışımı həyəcan hissi ilə gözləyirəm", - Anmari deyib.

Müğənninin sözlərinə görə, onun üçün "Eurovision" müsabiqəsi yeni təəssüratdır və gələcək musiqi karyerasında qiymətli təcrübədir.

"Latviya çox kiçik ölkədir və "Eurovision"dakı belə böyük auditoriyanı toplamaq mümkün deyil", - Anmari bildirib.

Latviyalı müğənni Bakıda müsabiqədə "Beautiful Song" mahnısını ifa edəcək.

"Həqiqətən, mahnı gözəldir və bu mənim barəmdə, mənim arzularım haqqımda bir qədər yumorlu nağıldır. Mahnı asan yadda qalır, ona görə də onu mənimlə birlikdə təkrar oxumaq olacaq. Mən həmişə olduğu kimi səmimi olacağam, ümid edirəm ki, tamaşaçıların xoşuna gələcək və onlar mənim emosiyalarımı qəbul edəcəklər", - Anmari deyib.

Xəbər lenti

Xəbər lenti