Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E.Mehdiyev/
"Eurovision"un Azərbaycandakı rəsmi Fan Klubu bu gün Dənizkənarı Milli Parkda Azərbaycanda ilk dəfə olaraq unikal bir aksiya keçirəcək.
Fan Klubdan cümə axşamı Trend-ə verilən məlumata görə, aksiyanın iştirakçıları olan 500 nəfər dəniz dəhlizində toplaşaraq, hava fənərlərini yandıraraq səmaya uçurdacaqlar. Müxtəlif rənglərdə olan hava fənərlərinin yandırılaraq havaya uçurdulması "Eurovision"un "Light Your Fire" sloqanına uyğunluğunu simvolizə edəcək.
Qeyd edək ki, bütün dünyada geniş yayılan və marağa səbəb olan hava fənərləri ilə keçirilən bu aksiya Azərbaycanda ilk dəfə baş tutacaq.
Aksiyanın əsas məqsədi "Eurovision 2012" mahnı müsabiqəsinə sayılı qalan günlər ərəfəsində əhalidə müsabiqəyə qarşı marağı daha da artırmaq və xatırlatmaqdır.