...

"Eurovision 2012" mahnı müsabiqəsinin açılış və interval aktlarının məşqləri başlayıb

Mədəniyyət Materials 1 May 2012 19:33 (UTC +04:00)
Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision 2012" mahnı müsabiqəsinə hazırlıqlar davam edir.
"Eurovision 2012" mahnı müsabiqəsinin açılış və interval aktlarının məşqləri başlayıb

Azərbaycan, Bakı, 1 may /Trend/

Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision 2012" mahnı müsabiqəsinə hazırlıqlar davam edir. Hazırda "Eurovision 2012" şousunun keçiriləcəyi "Bakı Kristal Zalı"nda səhnə tərtibatı işləri tamamlanmaqdadır.

Eurovision Mahnı Müsabiqəsi 2012-nin İşçi Qrupundan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, may ayının 13-dən "Bakı Kristal Zalı"nda "Eurovision 2012"-nin iştirakçı ölkələrinin təmsilçilərinin məşqləri başlayacaq. Səhnə dizaynı, işıq effektləri, "Green Room"u ilə fərqlənəcək Bakıdakı "Eurovision" mahnı müsabiqəsi həm də açılış şousu və interval aktları ilə bütün Avropa izləyicilərinin böyük marağına səbəb olacaq. Artıq açılış şousu və interval aktlarının (ölkələrin çıxışından sonra səsvermə zamanı efirə yayımlanan şou) ssenarisi hazırdır. Yerli və xarici mütəxəssislərin cəlb olunduğu bu şoularda çıxış edəcək müğənnilər və qrupların məşqləri başlayıb. Məşqlər Bakının bir neçə məkanında - "Buta Palace", Heydər Əliyev adına İdman-Konsert Kompleksi və digər konsert saraylarında aparılır.

Ənənəyə uyğun olaraq, "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edən ölkə açılış və interval aktlarında adətən milli mədəniyyətini əks etdirən şoular təqdim edir. Bu baxımdan Bakı şousunda da tamaşaçılara Azərbaycanın zəngin musiqisi, mədəniyyəti ilə fərqli, milli adətlərlə müasirliyin sintezindən yaranan açılış və interval aktları təqdim olunacaq.

"Eurovision 2012"-nin yarımfinalları və finallarındakı açılış və interval aktları səhnə tərtibatı, ssenarisi və bu şouda çıxış edəcək müğənniləri ilə yadda qalacaq. "Eurovision" mahnı müsabiqəsinin mayın 26-da keçiriləcək final mərhələsinin açılış və interval şousunda muğam ustadı Alim Qasımov, müğənni-bəstəkar Emin, "Natiq" Ritm Qrupu, Azərbaycan Dövlət Rəqs Ansamblı, xarici rəqs qrupları, eləcə də digər məşhur yerli və xarici müğənnilərin performansları, yarımfinalların interval aktlarında isə ötən "Eurovision" mahnı müsabiqəsindən tanıdığımız məşhur müğənnilərin çıxışları, "Eurovision" starlarından ibarət qrupun, eləcə də məşhur DJ-lərin şousu təqdim ediləcək.

Xatırladaq ki, "Eurovision" mahnı müsabiqəsinin yarımfinallarının əsas məşqləri mayın 21, 23-də, yarımfinallar mayın 22-si və 24-də, final mərhələsinin əsas məşqi mayın 25-də, müsabiqənin finalı isə mayın 26-da olacaq.

Xəbər lenti

Xəbər lenti