...

Azərbaycanda beynəlxalq və yerli rəssamların birgə sərgisi keçiriləcək (FOTO)

Mədəniyyət Materials 3 May 2012 12:13 (UTC +04:00)
Azərbaycan rəssamları ilə yanaşı britaniyalı və beynəlxalq rəssamların da iştirak edəcəyi ilk sərgi Bakı Müasir İncəsənət Muzeyində mayın 15-də baş tutacaq.
Azərbaycanda beynəlxalq və yerli rəssamların birgə sərgisi keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir V.İmanov/

Azərbaycan rəssamları ilə yanaşı britaniyalı və beynəlxalq rəssamların da iştirak edəcəyi ilk sərgi Bakı Müasir İncəsənət Muzeyində mayın 15-də baş tutacaq.

Trend-in məlumatına görə, Azərbaycanın müasir incəsənətinin təbliği ilə məşğul olan YARAT! qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunan bu sərgidə Sara Lukas, Kit Kaventri, Ceyms Turrell, İdris Xan və Olimpiya Skerri kimi dünya şöhrətli rəssamların işləri yer alacaq. Bu qeyri-adi işlər kolleksiyası ilə yanaşı, sərgidə həm də Altay Sadıxzadə, Ağa Hüseynov, Niyaz Nəcəfov, Rəşad Ələkbərov və Fərid Rəsulov kimi Bakının ən tanınmış müasir rəssamlarının işləri də nümayiş etdiriləcək. Sərginin kuratorları YARAT!-ın banisi və direktoru Aidə Mahmudova və londonlu Adam Vaymutdur.

Onlar birlikdə dünyanın qabaqcıl incəsənət mərkəzlərini təmsil edən həm tanınmış, həm də yeni istedadların işlərinin toplusunu təqdim edəcəklər. Karyeraları boyunca Mahmudova və Vaymut müasir və xüsusilə də yeni rəssamlar üçün imkanlar yaratmağa cəhd göstərmişlər.

YARAT!-ın əsası Aidə Mahmudova tərəfindən 2011-ci ilin oktyabr ayında qoyulmuşdur. "Ön Söz" adlı ilk sərgisi və davam edən "012 Baku Public Art Festival" kimi layihələrlə bədii diskussiyalara səbəb olan YARAT! bu beynəlxalq sərgi ilə diskussiyaları daha da artıracaq. "Qovuşan Körpülər" YARAT!-ın bütün dünya və Azərbaycan müasir incəsənət cəmiyyətləri arasında dialoqu inkişaf etdirmək kimi əsas məqsədini bir daha vurğulamış olacaq.

Sərgi həm də Bakıda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsi ilə üst-üstə düşəcək. Bu müsabiqə, sözsüz ki, şəhərə minlərlə tamaşaçı cəlb edəcək, beləliklə də, sərgidə nümayiş etdirilən işlər daha böyük, beynəlxalq auditoriyalara açılmış olacaq. Bakının həm tanınmış rəssamlarına, həm də gənc istedadlarına imkan yaradaraq, YARAT! onların işlərini məşhur və sevilən beynəlxalq rəssamların işləri ilə birgə sərgiləməklə, Azərbaycanın incəsənət ictimaiyyətini daha da inkişaf etdirmiş olacaq. Öz beynəlxalq həmkarları kimi, sərgidə iştirak edən azərbaycanlı rəssamlar da geniş təcrübəyə malikdirlər: beynəlxalq arenada məşhur olan və Bakı Müasir İncəsənət Muzeyinin tikinti layihəsinin tərtibatçısı və koordinatoru Altay Sadıxzadədən tutmuş, Azərbaycanı 2007 Venesiya Biennalesində təmsil etmək üçün seçilən Faiq Əhmədə qədər.

Bütün dünyada tanınmış İdris Xanın xüsusilə Bakıya gətirilmiş instalyasiyası da "Qovuşan Körpülər" sərgisində nümayiş etdiriləcək. Xan ən çox həm Qərb həm də İslam ənənələrinin musiqi və mətn tarixlərini araşdıran və rəqəmsal olaraq işlənən çapları ilə məşhurdur. Buna baxmayaraq, bu sərgidə o, dörd paslı polad paneldən ibarət olan heykəltaraşlıq əsərini nümayiş etdirəcək. Heykəlin üzərində Oliver Messayanın Kvartetinin, alman həbs düşərgəsində olarkən yazdığı "End of Time" (1941, Zamanın Sonu) əsərinin notları qumla həkk olunmuşdur.

Kurator Aidə Mahmudova deyir: "Bu çox cəsur və heyranedici bir layihədir. Bundan əvvəl heç vaxt belə nüfuzlu beynəlxalq və azərbaycanlı rəssamlar bir araya gəlməyiblər. İncəsənət xadimlərinin nüfuzu Bakı şəhəri və Müasir İncəsənət Muzeyinin təmin edəcəyi arxa fonla tamamlanacaq, beləliklə "Qovuşan Körpülər" 2012-ci ilin ən maraqlı incəsənət tədbirlərindən birinə çevriləcək".

Adam Vaymut öz fikirlərini bölüşür: "Bu sərginin bu qədər maraq doğurmasının səbəbi yalnız iştirak edən nüfuzlu incəsənət xadimləri deyil. O, həm də Bakının beynəlxalq incəsənət bazarları ilə çiçəklənən əlaqələrini bir daha vurğulayır. Bu layihədə iştirak etməkdən və YARAT! kimi təşkilatla birgə işləməkdən qürur duyuram, çünki o, Azərbaycanlı rəssamlar və onların dünya üzrə müasirləri ilə dialoq qurur".

Aidə Mahmudova tərəfindən 2011-ci ildə yaradılmış YARAT!, Azərbaycanın müasir incəsənətini həm milli, həm də beynəlxalq səviyyədə təbliğ edən qeyri-kommersiya və özəl təşkilatdır. Yaratın ilk sərgizi "Ön Söz" oktyabr 2011-ci il tarixində baş vermiş və bir ay ərzində 20,000-dən artıq tamaşaçı cəlb etmişdir. Bu layihənin uğurunu davam etdirərək, YARAT!, 2012-ci ilin fevran ayında "012 Baku Public Art Festival"-a start verdi. YARAT!-ın əsas məqsədi Azərbaycan və xarici qeyri-kommersiya incəsənət fondları ilə dialoq və ideya mübadiləsinin əsasını qoymaqdır. YARAT! həm də təhsil təşəbbüslərini və beynəlxalq incəsənət mükafatını təmin etməyi öz vəzifəsi hesab edir.

YARAT!-ın təsisçisi və direktoru olan Aidə Mahmudova rəssamlıq təhsilini Londonda, Central Saint Martins məktəbində aldıqdan sonra doğma Bakıya geri dönmüşdür. Orada bir sıra rəssamlarla tanış olan Aidəyə aydın oldu ki, yaradıcı dialoq yaratmaq və onu inkişaf etdirmək üçün belə bir təşkilata böyük ehtiyac var. Bu fikir Aidəni Azərbaycanın müasir incəsənətini təbliğ və təşviq edəcək qeyri-kommersiya təşkilatını yaratmağa ilhamlandırdı. YARAT! vasitəsilə Mahmudova Azərbaycanın müasir rəssamları üçün imkanlar yaratmağa və incəsənəti daha geniş yerli və beynəlxalq auditorilayar arasında təbliğ etməyə çalışır.

Təhsilini City and Guilds İncəsənət Məktəbində alan Adam Vaymut daha sonra 20 Hoxton Square Projects-in təsisçilərindən biri və dörd ildən artıq layihənin direktoru olmuşdur. Daha sonra bir il ərzində Lazarides Çap Qalereyasına başçılıq etmiş və müstəqil olaraq bədii təşkilatlarda və xeyriyyəçilik işlərində yaxından iştirak etmişdir. 2011-ci ildə o, AdamWaymouthArt-ın əsasını qoymuşdur. Bu, müasir rəssamlar, muzeylər, qalereyalar və özəl şirkətlərlə birlikdə çalışan bədii kuratorluq üzrə konsultasiya mərkəzidir. Son altı ay ərzində Vaymut Pertwee , Anderson and Gold , the Victoria & Albert Museum, Shelter, Flora Fairbairn Projects, Gazelli Art House, Parasol Unit and Bold Tendencie ilə əməkdaşlıq etmişdir.

İştirak edən britaniyalı və beynəlxalq rəssamlar - Ceyms Turrell, Sara Lukas, Anni Morris, Pol Frayer, Kit Kaventry, Aleks Hoda, Olimpiya Skerri, Bruce High Quality Foundation , Rayan Mozli, Caap de Vris, Corc Yang və Nil Klements, azərbaycanlı rəssamlar isə Ağa Hüseynov, Altay Sadıxzadə, Faiq Əhməd, Rəşad Ələkbərov, Əli Həsənov, Niyaz Nəcəfov, Rəşad Babayev, Fərid Rəsulov, Aidə Mahmudova, Orxan Hüseynov, Nəzrin Məmmədova və Ramal Kazımovdur.

Sərginin sponsorları İtaldizain Qrup, Bakcell telekommunikasiya partnyoru, Rapid Solutions, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyidir.


Xəbər lenti

Xəbər lenti