...

Bakıda "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək

Mədəniyyət Materials 10 Dekabr 2012 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

2012-ci il 11-16 dekabr tarixində Bakıda "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, 2003-cü ildən etibarən Bakıda hər iki ildən bir keçirilən "Alüminium" Beynəlxalq Müasir İncəsənət Biennalesi artiq ənənə şəklini alıb və Azərbaycana dünyanın onlarla ölkəsindən olan rəssamları, sənətşünasları, kuratorları cəlb edib. Həmin tədbirlər ölkəmizdə ənənəvi incəsənətlə yanaşı, müasir sənətin inkişafı haqqında da beynəlxalq nüfuza malik olan mütəxəssislərdə ətraflı təsəvvür yaradıb, həm əcnəbi, həm də yerli yaradıcı insanlara yeni yaradıcılıq impulsu verib. Biennale haqqında müxtəlif media orqanlarında ətraflı məlumatlar yerləşdirilib, mütəxəssislər kütləvi informasiya vasitələri səhifələrində təhlil və araşdırma yazıları ilə çıxış ediblər.

"Alüminium" Beynəlxalq Müasir İncəsənət Biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına güclü təkan verib. Azərbaycanın bir çox gənc və istedadlı rəssamları özlərinin ən maraqlı müasir incəsənət əsərlərini ilk dəfə məhz bu biennale çərçivəsində təşkil olunan sərgilərdə nümayiş etdirib, sonradan müxtəlif xarici ölkələrdəki nüfuzlu beynəlxalq sərgilərdə də uğurla çıxış ediblər. 2007-ci və 2009-cu illərdə isə "Alüminium" Müasir İncəsənət Biennalesi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin himayəsi altında daha da geniş miqyasda təşkil olunub.

2012-ci il 11-16 dekabr tarixlərində Bakıda keçiriləcək biennaledə yenə də Avropa və Asiya ölkələrindən olan rəssamların, sənətşünasların və kuratorların iştirakı nəzərdə tutulur. Azərbaycan müasir incəsənətini onun hüdudlarından kənarda yaşayan tamaşaçıya və mütəxəssislərə tanıtmaq, eləcə də ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi biennalenin əsas məramıdır.

Biennalenin təşkilatçıları Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və "Yarat!" Yaradıcılıq Məkanıdır.

Biennale çərçivəsində Bakı şəhərindəki 15 qalereyada sərgilər təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti